Azərbaycan İsrailə birgə əczaçılıq müəssisəsinin yaradılmasını təklif edir

Azərbaycan İsrailə birgə əczaçılıq müəssisəsinin yaradılmasını təklif edir İqtisadiyyat naziri Şahin Mustafayev İsrail şirkətlərini Azərbaycana səfərə dəvət edib
Biznes
13 Aprel , 2016 11:34
Azərbaycan İsrailə birgə əczaçılıq müəssisəsinin yaradılmasını təklif edir

Bakı. 13 aprel. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stavı qəbul edib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, görüşdə nazir Azərbaycan-İsrail əlaqələrinin inkişaf etdiyini vurğulayıb, yaradılan müqavilə-hüquqi bazanın və keçirilən görüşlərin əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini qeyd edib: “Hazırda Azərbaycanda 37 İsrail şirkəti fəaliyyət göstərir, bu şirkətlər tenderlərdə də iştirak edirlər. Qeyri-neft sektoru ölkə iqtisadiyyatının prioritet istiqamətidir. İki ölkə arasında səhiyyə, əczaçılıq, kənd təsərrüfatı, İKT, turizm, qeyri-neft məhsullarının ixracı sahələrində əməkdaşlıq üçün geniş imkanlar var”.

Ş.Mustafayev bildirib ki, Azərbaycan qeyri-neft sektorunda əczaçılıq məhsullarının istehsalında maraqlıdır və bu sahədə birgə istehsal müəssisəsinin yaradılması mümkündür: “Bundan başqa, kənd təsərrüfatında intensiv metodların tətbiqi sahəsində təcrübənin öyrənilməsi, müasir texnologiya, avadanlıqların gətirilməsi və Azərbaycanda birgə istehsalın təşkili sahəsində əməkdaşlıq imkanları genişdir. Xarici şirkətlərin, o cümlədən İsrail iş adamlarının ölkəmizdə səmərəli fəaliyyəti üçün sənaye parklarında da əlverişli şərait yaradılıb. Qeyri-neft sektorunda ölkəmizin potensialı ilə yaxından tanış olmaq və əməkdaşlıq imkanlarının öyrənilməsi məqsədilə İsrail şirkətlərini Azərbaycana səfərə dəvət edirəm”.

Görüşdə nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırıb, Ermənistanın növbəti təxribatı nəticəsində cəbhə xəttində yaşanan son hadisələr barədə səfiri məlumatlandırıb.

İsrail səfiri D.Stav iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu, səfirliyin iqtisadi əlaqələrin genişləndirilməsini təşviq etdiyini vurğulayıb. D.Stav İsrail şirkətlərinin iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən əczaçılıq, nəqliyyat və telekommunikasiya, suvarma sahəsində avadanlıq istehsalı sahələrinə maraq göstərdiyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi