Yuxarı
    Bağlamaq

    Azərbaycan İspaniyaya fındıq ixrac edəcək

    Azərbaycan şirkəti Valensiya şəhərindən 128 ton fındıq ixracı ilə bağlı sifariş alıb

    Bakı. 2 mart. REPORT.AZ/ Birləşmiş Ərəb Əmrliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2017” beynəlxalq ərzaq sərgisində Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması istiqamətində danışıqlar davam edir.

    İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbərə görə, sərgini ziyarət edənlər “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunan meyvə və tərəvəz məhsullarına, çay və fındığa böyük maraq göstərir. Artıq sərgi çərçivəsində Azərbaycan şirkəti İspaniyanın Valensiya şəhərinə 128 ton fındıq ixracı ilə bağlı sifariş alıb və bu sahədə danışıqlara başlanılıb.

    Bununla yanaşı, Səudiyyə Ərəbistanından olan iş adamları ilə yerli şirkətlər arasında görüş keçirilib. Azərbaycandan Səudiyyə Ərəbistanına ət və ət məhsullarının ixracı ilə bağlı danışıqlar aparılıb. Bu danışıqların nəticəsi olaraq birgə müəssisənin yaradılması məsələləri də müzakirə olunub. Bundan başqa, iş adamları arasında keçirilən görüşlərdə Azərbaycandan Küveytə nar şirələrinin, Dubaya isə quru süd məhsullarının ixracı barədə razılıqlar əldə olunub.

    Eyni zamanda şirkətlərimiz sərgi çərçivəsində təşkil olunan "Eurasia Export Briefing” tədbirində iştirak ediblər. Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) vitse-prezidenti Yusif Abdullayev Azərbaycan iqtisadiyyatı, ölkənin investisiya imkanları və ixrac potensialı, yerli məhsullarımız barədə məlumat verib. "Azpromo" və Dubay Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Azərbaycan iş adamları üçün ikitərəfli görüşlər də təşkil olunub.

    “Gulfood” sərgisinin televiziya kanalı Azərbaycan stendi və yerli məhsullarımızla bağlı süjet hazırlayıb.

    Qeyd edək ki, 128 kv. metrlik vahid Azərbaycan stendində İqtisadiyyat Nazirliyinin dəstəyi, "Azpromo"nun təşkilatçılığı ilə yerli şirkətlərimizin meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, süd və süd məhsulları, çay, fındıq, konservləşdirilmiş qida məhsulları təqdim edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi