Yuxarı

​Azərbaycan gömrükçüləri fərdi müştərilərin internetlə aldığı 1 500 mobil telefonu sərhəddə saxlayıb

Hazırda bununla bağlı araşdırma aparılır

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycandakı fiziki şəxslərin internet üzərindən xaricdən aldıqları və yanvarın 9-dan etibarən Bakı Baş Gömrük İdarəsində (BBGİ) saxlanılan mobil telefon aparatlarının sahiblərinə çatdırılmasına sabahdan başlanacaq. Bu barədə "Report"a həmin alınmış malları ölkə daxilində ünvanlara çatdırılması ilə məşğul olan "Azərekspresspoçt” şirkətinin müştəri xidmətləri şöbəsinin rəisi Şakir Cəlalov məlumat verib.

O qeyd edib ki, xaricdən sifariş olunan telefonlar araşdırma məqsədilə gömrük əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmanın aparılmasında məqsəd bir ünvana və ya bir müştərinin adına göndərilən telefon aparatlarının sayı və sifariş dəyərinin müəyyənləşdirilməsidir.

Şirkət rəsmisi bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, ölkəyə daxil olan bütün beynəlxalq göndərişlər qeydiyyata alınır: "Əgər bir ünvana bir ay müddətində 1 000 ABŞ dollarından artıq dəyərdə göndəriş daxil olarsa, onun müəyyən hissəsinə görə gömrük rüsumu ödənilməlidir".

Şöbə rəisinin sözlərinə görə, saxlanılan telefonlar əsasən bahalı aparatlardır ("iPhone 5", "iPhone 6" və s.), onların ümumi sayı isə təxminən 1 500-ə yaxındır: "Artıq bunun 600-ə yaxını qeydiyyata alınıb və sabahdan etibarən həmin telefonlar öz sahiblərinə çatdırılacaq".

Qeyd edək ki, Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nın təsdiq edilməsi barədə 2013-cü il 14 oktyabr tarixli qərarına əsasən, beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 1 000 dollardan artıq olmayan mallar hər hansı gömrük ödənişi edilmədən ölkəyə daxil ola bilər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi