Azərbaycan ərəb investorlarını üçüncü ölkələrdə birgə layihələrə dəvət edir

Azərbaycan ərəb investorlarını üçüncü ölkələrdə birgə layihələrə dəvət edir Bakıda Azərbaycan-Körfəz ərəb dövlətləri biznes-forumu keçirilir
Biznes
20 Oktyabr , 2017 10:36
Azərbaycan ərəb investorlarını üçüncü ölkələrdə birgə layihələrə dəvət edir
İqtisadiyyat naziri Şahin Mustafayev / Report

Bakı. 20 oktyabr. REPORT. AZ/ Azərbaycanla Körfəz ərəb dövlətləri Əməkdaşlıq Şurası ölkələri arasında iqtisadi sahədə əlaqələrin inkişafı üçün böyük potensial mövcuddur. Lakin bu imkanlardan kifayət qədər istifadə olunmayıb. 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Körfəz ərəb dövlətləri Əməkdaşlıq Şurası ölkələrinin biznes-forumunda çıxışı zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, 2016-cı ildə Azərbaycanla Şura ölkələri arasında ticarət dövriyyəsinin həcmi 86 mln. dollar təşkil edib: "2017-ci ilin 8 ayı ərzində isə bu rəqəmlər illik 2 dəfə artaraq 40 mln. dollar təşkil edib. Amma baza olaraq bu aşağı göstərici hesab olunur. Nəzərə alsaq ki, körfəz dövlətlərinin əhalisinin sayı 45 mln.-dan artıqdır və ÜDM-in həcmi 1,36 trln. dollardır".

İnvestisiyalar barədə məlumat verən nazir qeyd edib ki, Körfəz ölkələrinin Azərbaycana yatırdığı sərmayələrin ümumi həcmi 1,3 mlrd. dollar olub: "BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn yatırılan sərmayələrin həcminə görə liderdir. Azərbaycan isə Körfəz ölkələrinə 300 mln. dollar həcmində investisiya yatırımı reallaşdırıb. Hazırda Azərbaycanda Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanından olmaqla, ümumilikdə 280 şirkət fəaliyyət göstərir".

Ş.Mustafayev daha sonra Azərbaycanda mövcud siyasi sabitlik, ölkə iqtisadiyyatında investisiyalar üçün əlverişli şəraitin yaradılması barədə ətraflı məlumat verib. Bundan başqa, qeyri-neft sektorunun inkişafı üçün həyata keçirilən tədbirlər, beynəlxalq enerji və nəqliyyat layihələri, idxal-ixrac əməliyyatlarının reallaşması üçün böyük imkanların olduğunu qeyd edib. 

Eyni zamanda Ş.Mustafayev Körfəz ölkələrini üçüncü ölkələrin bazarına birlikdə çıxmağa dəvət edib. Nazir bildirib ki, Azərbaycan MDB ölkələrinin bazarında təmsil olunmaqda da böyük dəstək göstərməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi