Azərbaycan bir sıra iri müəssisəni hərraca çıxarıb

Azərbaycan bir sıra iri müəssisəni hərraca çıxarıb Obyektlər hərraca bazar dəyərlərinə uyğun qiymətlərlə çıxarılıb
Biznes
15 Avqust , 2016 09:47
Azərbaycan bir sıra iri müəssisəni hərraca çıxarıb

Bakı. 15 avqust. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) qərarı ilə çoxsaylı dövlət müəssisə və obyektləri özəlləşdirməyə çıxarılıb.

ƏMDK-nin mətbuat xidmətindən “Report”a bildirilib ki, Komitə 65 dövlət əmlakının özəlləşdirilməsi barədə hərraclar elan edib.

Bu əmlakların 25-i iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlər, 2-si qeyri-yaşayış sahəsi, 28-i digər dövlət əmlak və obyektləri, 10-u isə nəqliyyat vasitələridir. Özəlləşdirməyə çıxarılan müəssisələr nəqliyyat, xidmət, kənd təsərrüfatı, o cümlədən qida istehsalı, inşaat və ticarət sahəsində fəaliyyət göstərirlər.

Hərraclar barədə məlumat ƏMDK-nin rəsmi orqanı olan «Mülkiyyət» qəzetində və Komitənin yenicə istifadəyə verilən özəlləşdirmə portalında yerləşdirilib.

Bundan başqa, Komitə tərəfindən yerli və xarici investorların cəlb edilməsi üçün 6 səhmdar cəmiyyətinin əvvəlki istehsal imkanları, hazırkı vəziyyəti, gələcək perspektivliyini özündə əks etdirən profilləri hazırlanıb və qeyd olunan özəlləşdirmə portalında yerləşdirilib.

Qarşıdakı dövrdə çoxlu sayda dövlət müəssisə və obyektlərin mərhələli şəkildə özəlləşdirməyə çıxarılması planlaşdırılır. Eyni zamanda, ƏMDK tərəfindən “Daşkəsən Filizsaflaşdırma” ASC-nın özəlləşdirilməsinin təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması üçün nüfuzlu məsləhətçinin cəlb edilməsi ilə bağlı açıq tender elan edilib. Özəlləşdirməyə çıxarılan dövlət əmlakları inventar qiyməti ilə deyil, bazar dəyərlərinə uyğun qiymətlərlə hərraclara çıxarılıb.

ƏMDK yerli və xarici iş adamlarını, mülkiyyətçi olmaq istəyən hər bir vətəndaşı özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

Son xəbərlər

Orphus sistemi