Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatına assosiativ üzv olub

Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatına assosiativ üzv olub Azərbaycanla Latviya Milli Akkreditasiya Bürosu və Macarıstan Milli Akkreditasiya Təşkilatı arasında anlaşma memorandumları imzalanıb
Biznes
23 Noyabr , 2017 10:49
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatına assosiativ üzv olub

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Berlində (Almaniya) Avropa Akkreditasiya Təşkilatının (EA) Baş Assambleyasının iclasında iştirak edib.

"Report"un komitəyə istinadən verdiyi xəbərə görə, Baş Assambleyanın iclasında Azərbaycan Akkreditasiya Mərkəzinin Avropa Akkreditasiya Təşkilatına assosiativ üzvlüyü ilə bağlı müraciətinə baxılıb. Azərbaycan Akkreditasiya Mərkəzi yekdilliklə beynəlxalq təşkilatın assosiativ üzvlüyünə qəbul edilib.

"Bu üzvlük Avropa İttifaqı ölkələri ilə ticarət əlaqələrində texniki maneələrin aradan qaldırılması, milli uyğunluğun qiymətləndirilməsi sisteminin Avropa keyfiyyət infrastrukturuna qoşulması istiqamətində əhəmiyyətli addımdır. Əsas məqsəd Azərbaycanda akkreditasiya olunmuş qurumlar tərəfindən verilən sınaq və kalibrləmə sənədləri, uyğunluq sertifikatlarının Avropa ölkələrində tanınmasıdır. Bu isə öz növbəsində yerli məhsulların ixracı zamanı sahibkarların sənədləşmə üçün sərf olunan əlavə vaxt və maliyyə itkisinin qarşısının alınmasına gətirib çıxaracaq", - məlumatda qeyd olunub.

Hazırda Azərbaycan Akkreditasiya Mərkəzinin Avropa Akkreditasiya Təşkilatının (EA) ikitərəfli tanınma sazişinə qoşulması ilə bağlı işlər davam etdirilir. Bu məqsədlə “Azərbaycanda milli akkreditasiya sisteminin gücləndirilməsi” adlı Avropa İttifaqının (Aİ) tvininq layihəsi icra olunur.

İclasda çıxış edən Komitə sədri R.Həsənov bildirib ki, ticarətdə texniki maneələrin aradan qaldırılması məqsədi ilə keyfiyyət infrastrukturu sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması prosesi uğurla davam etdirilir. 

Toplantı çərçivəsində Azərbaycan Akkreditasiya Mərkəzi ilə Latviya Milli Akkreditasiya Bürosu və Macarıstan Milli Akkreditasiya Təşkilatı arasında anlaşma memorandumları imzalanıb.

Son xəbərlər

Orphus sistemi