Yuxarı

​Azərbaycanda Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən heç bir təşkilat sahibkarın fəaliyyətini yoxlaya bilməyəcək

Millət vəkili Vahid Əhmədov: Bu, faktiki olaraq sahibkarlar üçün çox münbit şərait yaradır

Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycanda bundan sonra Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən heç bir təşkilat sahibkarların fəaliyyətini yoxlaya bilməyəcək. “Report”un məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət Komitəsinin iclasında millət vəkili Vahid Əhmədov bildirib.

Deputatın fikrincə, artıq bununla bağlı qanunvericiliyə dəyişikliklər nəzərdə tutulub. Əsas dəyişiklik isə yalnız və yalnız Ədliyyə Nazirliyində yoxlama ilə əlaqədar qeydiyyatdan keçəndən sonra həmin təşkilata sahibkarların fəaliyyətinin yoxlamağa icazə verilməsi ilə bağlıdır.

“Təşkilat arayışı sahibkara təqdim etdikdən sonra yoxlama apara bilər. Yəni, qeydiyyat olmadan sahibkarlıq subyektində heç bir yoxlama aparıla bilməz. Bu, faktiki olaraq sahibkarlar üçün çox münbit şərait yaradır və deyərdim ki, artıq bir xətt vasitəsilə sahibkarlıq yoxlanılır. Yəni, əgər bir təşkilat hansısa bir sahibkarlıq subyektində yoxlama aparmaq istəyirsə, o, mütləq qeydiyyatdan keçib yoxlama apara bilər”, - deyə V.Əhmədov bildirib.

Millət vəkili Əli Məsimli isə bu problemin aradan qaldırılmasına baxmayaraq, başqa bir çətinliyin olduğunu da önə çəkib. Onun sözlərinə görə, bu dəyişiklik yalnız İnzibati Xətalar Məcəlləsində olub və mütləq sahibkarlıq, həmçinin dövlət reysteri haqqında qanunda da öz əksini tapmalıdır.

Xatırladaq ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanundan irəli gələrək “Sahibkarlıq fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Standartlaşdırma haqqında”, “Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında”, “Qiymətli kağızlar haqqında”, “İnvestisiya fondları haqqında” qanunlar da daxil olmaqla bir neçə qanuna dəyişikliklər təklif olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi