Yuxarı

​Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə “İnnovasiyalar Mərkəzi” arasında əməkdaşlıq sənədi imzalanıb

Məqsəd - dövlət və qeyri-dövlət təşkilatlarına standartlaşdırma və sertifikatlaşdırma sahələri üzrə konsaltinq xidmətlərinin göstərilməsidir

Bakı. 29 avqust. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə “Rerport”a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

Memorandum Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev və “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Kamran Aqasi tərəfindən imzalanıb.

Sənədin imzalanmasında əsas məqsəd dövlət və qeyri-dövlət təşkilatlarına standartlaşdırma və sertifikatlaşdırma sahələri üzrə konsaltinq xidmətlərinin göstərilməsi, birgə təlimlərin təşkil edilməsi və bu sahədə proqramın hazırlanması və əlaqələndirilməsidir.

Tədbirdə çıxış edən Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru S.Abdullayev müasir tələblərə cavab verən standartların tətbiqi Azərbaycanda innovasiyaların, yeni texnologiyaların və qabaqcıl təcrübənin inkişafda böyük əhəmiyyət kəsb etdiyindən hər iki qurumun potensialını birləşdirən müvafiq dövlət və qeyri-dövlət təşkilatlarının keyfiyyət infrastrukturu sahəsində xidmətlərin göstərilməsinin çox mühüm hal olduğunu deyib.

“İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru K.Aqasi memorandumun innovasiya və standartlaşdırmanı vahid iş çərçivəsində bir araya gətirən mükəmməl bir imkan olduğunu, həmçinin dövlət qurumları və özəl sektor ilə fəal şəkildə əməkdaşlıq etməyə şərait yaradacağını bildirib.

Qeyd edək ki, Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu elm və texnikanın inkişafına müvafiq olaraq məhsulların keyfiyyət və nomenklaturasının, xidmət və proseslərin insanların həyatı və sağlamlığı üçün təhlükəsizliyinin təmin olunması, ətraf mühitin mühafizəsi məsələlərində dövlətin və istehlakçıların mənafeyinin müdafiəsi, istehsalda və ticarətdə texniki maneələrin aradan qaldırmaqla məhsulların dünya bazarlarında rəqabətliyinin artırılması və səmərəli iştirakının təmin edilməsi istiqamətində fəaliyyət göstərir.

“İnnovasiyalar Mərkəzi” MMC isə informasiya texnologiyaları, innovativ məsələlərin tətbiqi, texniki tapşırıqların və proqram təminatının hazırlanması, informasiya sistemləri və informasiya ehtiyatlarının yaradılması, xidmətlərin elektron formada təşkili istiqamətində müvafiq texniki tapşırıqların, təlim və treninqlərin təşkili, konsaltinq xidmətlərinin həyata keçirilməsi, tədris-metodiki vəsaitlərin və texnologiyaların hazırlanması ilə bağlı işlərin görülməsi ilə bağlı məsələlərin həllini təmin edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi