Yuxarı

Avstriya səfiri: "İkitərəfli əlaqələrdə diversifikasiya qaçılmazdır"

Avstriyanın kənd təsərrüfatı naziri Azərbaycana səfər edəcək

Bakı. 29 fevral. REPORT.AZ/ Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aksel Vex "Caspian Energy İnternational Media Group"un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərliyi ilə "Caspian Energy"nin nümayəndə heyətini qəbul edib.

"Report"un "Caspian European Cluba" (Xəzər Avropa Klubu) istinadən verdiyi xəbərə görə, görüş zamanı A.Vex bildirib ki, Cənub Qaz Dəhlizi (CQD) Avropa İttifaqı üçün strateji layihədir: “Qaz tədarükünün diversifikasiyasında bizə kömək edən CQD yeganə layihə olmayacaq. Təəssüf ki, Azərbaycana yatırılan Avstriya investisiyalarının həcmi o qədər də böyük deyil. Mən hesab edirəm ki, investorlar üçün ən əsası onların hüquqlarının müdafiəsidir". 

"Azərbaycan öz iqtisadiyyatını diversifikasiya etməlidir. Məsələn, ölkənizin Avstriyaya ixracat üzrə ticarət dövriyyəsinin müsbət saldosu var. Amma bu saldonun əsasını bir qayda olaraq neft-qaz resursları təşkil edir. Avstriyaya neft və qaz ixracatı ölkələrimiz arasındakı ticarət dövriyyəsinin 92%-ni təşkil edir”, - deyə səfir əlavə edib.

A.Vex ikitərəfli əlaqələrdə diversifikasiyanın qaçılmaz olduğunu vurğulayıb: “Bu, olduqca mürəkkəb prosesdir. Əsas diqqəti qeyri-neft sektoruna, məsələn, kənd təsərrüfatına yönəltmək lazımdır. Avstriyanın bir çox şirkətləri Azərbaycanda müxtəlif layihələrdə iştirak edir. Danışıqlar apardığım şirkətlərin əksəriyyəti Azərbaycandakı fəaliyyətlərini davam etdirmək niyyətində olduqlarını, uzunmüddətli perspektivdə əməkdaşlıq etmək istədiklərini bildiriblər. Dünyada hökm sürən böhrana baxmayaraq, şirkətlərin burada qalmaq istəmələri, fikrimcə, çox yaxşı göstəricidir. Biz kənd təsərrüfatı, turizm, inşaat, ekoloji sahədə texnologiya, İKT və infrastruktur sektorları üzrə əməkdaşlıqda maraqlıyıq. Bütün səylərimizi mədəniyyət sahəsində cəmləməyə çalışırıq. Cari ilin birinci yarısında Vyana balı keçirməyi planlaşdırırıq. Bundan əlavə, Avstriyanın nəhəng şirkətlərindən biri burada bir sıra idman tədbirləri təşkil edəcək”.

Onun sözlərinə görə, iyun ayında Azərbaycana Avstriyanın kənd təsərrüfatı nazirinin səfəri gözlənilir. Bundan başqa, bu il Avstriya-Azərbaycan yeni parlament dostluq və əməkdaşlıq qrupu Bakıya səfər edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi