ASK: Vergi Məcəlləsinə son dəyişikliklər bizimlə müzakirə edilməyib

ASK: Vergi Məcəlləsinə son dəyişikliklər bizimlə müzakirə edilməyib Vergilər nazirinin müavini Sahib Ələkbərov isə "AmCham" və ASK kimi iri sahibkarlıq təsisləri ilə danışıqların aparıldığını bildirir
Biznes
13 Yanvar , 2017 17:47
ASK: Vergi Məcəlləsinə son dəyişikliklər bizimlə müzakirə edilməyib

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycan qanunvericiliyi hər hansı yeni qanunun qəbulu zamanı həmin sənədin mütləq qaydada konsaltınq şirkəti və ya hansısa başqa məsləhətçi ilə müzakirə edilməsini nəzərdə tutmur. Bunu "Report"a açıqlasında "Pricewaterhouse Coopers (PwC)-Azerbaijan" şirkətinin ölkə üzrə idarəedici partnyoru və Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Direktorlar Şurasının üzvü Mövlan Paşayev deyib.

M.Paşayevin sözlərinə görə, Vergilər Nazirliyi onun təmsil etdiyi hər iki qurumla yanvardan qüvvəyə minən Vergi Məcəlləsinə yeni dəyişiklərlə bağlı müzakirələr aparıb: "Vergilər Nazirliyi tez-tez həm "AmCham", həm də "PwC Azerbaijan"la müzakirələr aparıb. Biz orada öz təkliflərimizi vermişik. Onlar da bəzi təkliflərimizi qəbul ediblər. Mən uzun müddət "AmCham"ın Vergi və Gömrük Komitəsinin sədri olmuşam və o zaman da Nazirlik bizi dəvət edib və müzakirələr aparmışıq. Sözsüz ki, təkliflərimiz çox olub və təkliflərimizin hansısa qəbul olunib, hansısa qəbul edilməyib".

"PwC" rəsmisi deyib ki, hansısa qanunun qəbulunda biznes və dövlət strukturları arasında fikir ayrılığının olması normal bir haldır: "Sahibkar istəyir ki, qanunda onun maraqları təmin olunsun. Vergi, gömrük orqanları isə büdcənin maraqlarını düşünür. Sözsüz ki, bəzi dəyişikliklər biznes üçün məqbul deyil. Amma hələlik, Vergi Məcəlləsindəki hansı dəyişikliyin məqbul olub-olmamasını demək mümkün deyil".

M.Paşayev əlavə edib ki, dövriyyədə nağd pul kütləsi həcminin azalması şəffaflığa şərait yaradacaq: "Get-gedə nağd pulu azaltmaq lazımdır. Bu, "kölgə iqtisadiyyatı"nın qarşısını almağa və vergi yığımlarının artmasına şərait yaradacaq".

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) əmək münasibətləri, hüquq, kadr, işlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Xəqan Hümmətzadə “Report”a açıqlamasında bildirib ki, son dəyişikliklərlə bağlı Nazirlikdən ASK-ya əvvəlcədən müraciət daxil olmayıb: “Bu, zaman-zaman müzakirə olunan məsələlərdir. Elektron ticarət, kənd təsərrüfarı məhsullarının ƏDV-dən azad edilməsi və başqa məsələlərlə bağlı daim müzakirələr aparılıb. Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tez-tez bizə müxtəlif məsələlərlə bağlı müraciət edir. Biz həm ASK-nın, həm də ayrı-ayrı sahibkarların mövqeyini onlara göndərmişik. Amma konkret olaraq Azərbaycan Prezidentinin 4 avqust 2016-cı il tarixli “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” sərəncamından sonra Vergilər Nazirliyindən bizə heç bir rəsmi müraciət daxil olmayıb”.

Xatırladaq ki, 2016-cı ilin dekabrın 29-da Vergilər Nazirliyində Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə həsr olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran vergilər nazirinin müavini Sahib Ələkbərov "AmCham" və ASK kimi iri sahibkarlıq təsisləri ilə hələ layihə mərhələsində danışıqların aparıldığını bildirmişdir.

Son xəbərlər

Orphus sistemi