ASK prezidenti İpək Yolu Beynəlxalq Ticarət Palatasının sədr müavini seçilib

ASK prezidenti İpək Yolu Beynəlxalq Ticarət Palatasının sədr müavini seçilib Bu tədbir Çində keçirilən beynəlxalq sammit zamanı baş verib
Biznes
16 Sentyabr , 2016 14:46
ASK prezidenti İpək Yolu Beynəlxalq Ticarət Palatasının sədr müavini seçilib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev İpək Yolu Beynəlxalq Ticarət Palatasının sədrinin müavini seçilib. ASK-dan "Report"a daxil olan məlumata görə, bu, Çinin Sian şəhərində İpək Yolu biznes sammiti və İpək Yolu Beynəlxalq Ticarət Palatasının (SRCİC) əməkdaşlıq və inkişaf məsələləri üzrə konfransı çərçivəsində baş tutub.

Tədbir zamanı ASK-nın nümayəndəsi İpək Yolu Beynəlxalq Ticarət Palatasının rəhbəri Lu Jianzonq, Palatanın fəxri sədri Cemal İanişvili, Palatanın Logistika Komitəsinin sədri Siddiq Xan, İsveçrə, Türkiyə, Rusiya, Ukrayna, Türkmənistan, Tacikistan, Qırğızıstan və digər ölkələrdən olan ticarət palataları, işəgötürənlər təşkilatlarının rəhbərləri ilə görüşlər keçirib.

Konfransın əsas nəticəsi kimi İpək Yolu Beynəlxalq Ticarət Palatası nəzdində üzv qurumlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə müxtəlif formada işbirliyi platformasının yaradılması və mütəmadi görüşlərin, məsləhətləşmələrin keçirilməsi barədə razılıq əldə edilib. Həmçinin, elektron ticarətin müasir informasiya-texnologiya vasitələri ilə inkişaf etdirmək məqsədilə "e-Silkroad" platforması, İpək Yolu Beynəlxalq Araşdırma Assosiasiyası, İpək Yolu Ticarət Ekpo Parkı, elektron ticarət və transsərhəd ticarəti prinsipi əsasında İpək Yolu Beynəlxalq Əmtəə Birjası, Mədəniyyət Əsərlərinin Beynəlxalq Ticarəti Mərkəzinin yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, sammitdə 50-dən çox ölkənin rəsmi şəxsləri, sahibkarlar birlikləri, biznes icması nümayəndələri və tədqiqatçılar iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi