Aran bölgəsinin 29 sahibkarına 1,2 mln. manat güzəştli kredit verilib

Aran bölgəsinin 29 sahibkarına 1,2 mln. manat güzəştli kredit verilib Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Ağcabədi rayonunda işgüzar forum keçirib.
Biznes
16 May , 2019 17:13
Aran bölgəsinin 29 sahibkarına 1,2 mln. manat güzəştli kredit verilib

Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Ağcabədi rayonunda işgüzar forum keçirib. 

Nazirlikdən “Report”a verilən məlumata görə, tədbirdə rayonun iqtisadi potensialının reallaşdırılması məqsədi ilə prioritet hesab olunan bitkiçilik, tərəvəzçilik, cins heyvandarlıq, intensiv bağçılıq təsərrüfatlarının və quru meyvə istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Nazir müavini Sahib Məmmədov çıxış edərək, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri, Fondun özəl bölmənin inkişafında, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib. O, qeyd edib ki, bu ilin ötən dövründə 378 sahibkarın ümumi dəyəri 158 mln. manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 38,7 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1 400-dən çox iş yerinin yaradılmasına imkan verir.

İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən 29 sahibkara 1,2 mln. manatdan çox güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, əkinçilik, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcəkdir.

Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 14 000-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 581 mln. manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində Ağcabədidə güzəştli kredit ayrılmış iri fermer təsərrüfatına baxış keçirilib.

Son xəbərlər

Orphus sistemi