İvana Duarte: "Aqrar kreditlərin yeni qiymətləndirmə sistemi Azərbaycanda aparılan islahatların səmərəliliyini artıracaq"

İvana Duarte: "Aqrar kreditlərin yeni qiymətləndirmə sistemi Azərbaycanda aparılan islahatların səmərəliliyini artıracaq" Kənd təsərrüfatında kreditlərlə bağlı risqlərin yeni, innovasiyalı dəyərləndirmə mexanizmi sayəsində yerli banklar üçün fermerlərə və aqrar şirkətlərə kredit ayırmaqla bağlı daha geniş imkanlar açılır.
Biznes
5 Sentyabr , 2019 18:10
İvana Duarte: Aqrar kreditlərin yeni qiymətləndirmə sistemi Azərbaycanda aparılan islahatların səmərəliliyini artıracaq

Kənd təsərrüfatında kreditlərlə bağlı risqlərin yeni, innovasiyalı dəyərləndirmə mexanizmi sayəsində yerli banklar üçün fermerlərə və aqrar şirkətlərə kredit ayırmaqla bağlı daha geniş imkanlar açılır.

“Report” Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) istinadən xəbər verir ki, AYİB ilə Frankfurt Maliyyə Menecment Məktəbi tərəfindən Avropa İttifaqının maliyyə dəstəyilə hazırlanmış Azərbaycan Aqrar Kreditlərinin Dəyərləndirmə Sistemi (AzALES) bütün taxıl və heyvandarlıq məhsullarını əhatə etməklə kreditorlara mövcud risqləri daha dolğun qiymətləndirmək, sorğuları daha tez cavablandırmaq, kiçik fermer təsərrüfatlarının kredit almasını asanlaşdırmaq üçün münbit zəmin yaradır.

AYİB-nin məlumatında Azərbaycanda aqrosənaye sahəsinin çox böyük potensiala malik olmasına baxmayaraq, uzunmüddətli, etibarlı, ucuz başa gələn maliyyənin xüsusilə də ucqar bölgələrdə fermerlər üçün, habelə əmlak girovu qoymadan çətin əldə edilməsi üzündən bu sahənin inkişafının əngəlləndiyi göstərilir.

“Aqrobiznes kreditlərini dəyərləndirmək üçün banklara daha səmərəli sistemin təqdim olunması bu sahədəki xidmətlərin səviyyəsini yüksəltməyə kömək edəcək. Azərbaycanın maliyyə və aqrar sektorlarında hökumətin artıq həyata keçirdiyi islahatların daha səmərəli nəticələrə gətirib çıxarmasına yeni sistemin müsbət təsiri olacağı gözlənilir”, - deyə AYİB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri İvana Duarte bildirib.

Qeyd olunur ki, AzALES Kənd Təsərrüfatı Nazirliyi nəzdində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən mərkəzləşmiş qaydada istifadə edilərək dəstəklənəcək. Nəticədə maliyyə təşkilatları dürüst məlumatlara əsaslanaraq şəffaf və səmərəli üsulla aqrar kreditlər ayıracaq, həm də belə kreditlər ifrat borclanmanı istisna edən şərtlərlə veriləcək.

2014-cü ildə AYİB tərəfindən Türkiyədə də tətbiq edilən buna bənzər TARDES çərçivəsində indiyədək məcmu olaraq 2,6 milyard avro məbləğində aqrar kreditlərlə bağlı 460 min ərizə müsbət cavablandırılıb. Nəticə olaraq aqrar sektorda problemli kreditlərin çəkisi də azalıb.

AYİB 2013-cü ildən etibarən Azərbaycandakı müxtəlif aqrar şirkətlərə 50 milyon avroyadək məbləğdə kreditlər ayırıb.

Son xəbərlər

Orphus sistemi