"AmCham"ın hazırladığı növbəti “Ağ sənəd”in məzmunu açıqlanıb

"AmCham"ın hazırladığı növbəti “Ağ sənəd”in məzmunu açıqlanıb Bu barədə qurumun icraçı direktoru Natəvan Məmmədova məlumat verib
Biznes
15 Noyabr , 2016 17:48
AmChamın hazırladığı növbəti “Ağ sənəd”in məzmunu açıqlanıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) hazırladığı “Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidə və tövsiyələr” adlı sənədin (“Ağ sənəd”) altıncı nəşrinin məzmunu açıqlanıb. 

"Report" xəbər verir ki, bu barədə qurumun icraçı direktoru Natəvan Məmmədova məlumat verib. 

“Hökuməti özəl sektorun baxışları və biznes mühitində baş vermiş dəyişikliklər barədə məlumatlandırmaq vacibdir. Bu baxımdan “Ağ sənəd”in builki sayı hökumətin iqtisadiyyatın müxtəlif sektorlarını inkişaf etdirmək üçün atdığı müsbət addımları, həmçinin Azərbaycanın biznes mühitinin inkişafı üçün vergi, gömrük, bank, maliyyə və sığorta, informasiya texnologiyaları, əmək, miqrasiya məsələləri, turizm, məhkəmə və digər sahələrdə görüləcək işləri əhatə edir. Eyni zamanda, biz biznes ictimaiyyətinin də uğurlu iqtisadi islahatların həyata keçirilməsi və sağlam biznes mühitinin yaradılmasında mühüm rol oynadığını düşünürük. Bunu nəzərə alaraq “Ağ sənəd”ə ilk dəfə olaraq Azərbaycanın biznes icmasına da ünvanlanmış bir sıra tövsiyələr daxil etmişik”, - deyə N. Məmmədova bildirib.

Xatırladaq ki, "Ağ sənəd" Azərbaycan iqtisadiyyatının inkişafı üçün müxtəlif sahələrə dəstək məqsədilə “AmCham” tərəfindən iki ildən bir tərtib edilərək ölkə rəhbərliyinə təqdim edilir. Sənəd Azərbaycanın işgüzar mühitinin, bütövlükdə ölkənin daha da gücləndirilməsini təmin edəcək dəyişikliklər haqqında “AmCham”ın üzv heyətinin kollektiv düşüncəsini əks etdirir. 

“Ağ sənəd” iki bölmədən ibarətdir - ciddi əhəmiyyət kəsb etdiyinə, Azərbaycana ən böyük təsir göstərəcək məsələləri əhatə edən “Xülasə” hissəsi və müəyyən spesifik məsələlər haqqında əlavə tövsiyə, daha ətraflı təkliflərin qeyd olunduğu “İkinci” hissə. Əvvəlki illərdə də “AmCham”ın Azərbaycan hökumətinə təqdim etdiyi eyni adlı sənədlərdə əksini tapan təkliflər dövlətin siyasi proqramlarına daxil edilib, bəzi təkliflər isə müvafiq qanun dəyişiklikləri ilə nəticələnib.

Qeyd edək ki, 1996-cı ildən fəaliyyət göstərən “AmCham”ın 270-dən çox üzvü var. Qurum ölkədə xarici investisiyaların 80%-ni, yerli investisiyalarının isə əhəmiyyətli hissəsini təmin edir.

Son xəbərlər

Orphus sistemi