Yuxarı
    Bağlamaq

    ​"AmCham" Azərbaycanda biznes mühitinin inkişafına dair yeni təkliflər hazırlayıb

    Yeni təkliflər zərfi yaxın 10 gündə hökumətə təqdim oluna bilər

    Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) ölkədə biznes mühitinin təkmilləşdirilməsinə dair yeni təkliflər zərfini yaxın 10 gündə hökumətə təqdim edə bilər. Bu barədə "Report"a "AmCham"ın icraçı direktoru Natəvan Məmmədova məlumat verib.

    "Biz təkliflər toplusunun bəzi hissələrinə yenidən baxmalı olduq. Ümid edirəm ki, yaxın 10 gündə hökumətə təqdim edə biləcəyik. Çünki keçən həftə onun ilkin layihəsini yekunlaşdırmışıq. Direktorlar Şurası təsdiqlədikdən sonra hökumətə təqdim edəcəyik", - deyə N.Məmmədova qeyd edib.

    İcraçı direktor bildirib ki, sənəddə Azərbaycan biznes mühitinə təsir edən amillər, xarici investisiyaların cəlb edilməsi və ümumilikdə investisiya mühitinə təsir edən amillər və s. ilə bağlı təkliflər var: "Bundan əlavə detallı təkliflər də var. Məsələn, turizmin inkişafı, bank sektorunun sağlamlaşdırılması üçün atılmalı addımlar əks olunub".

    "Eyni zamanda, milli valyutada kreditlərin hansı formada verilməsi, kredit bürolarının yaradılması ilə bağlı təkliflər də var. Bu gün ən böyük problem girov məsələsi ilə bağlıdır. Təklif edirik ki, daşınar əmlaka əsaslanan kreditləşmə imkanlarına baxılsın. Hazırda fermerlərin kreditləşməyə çıxışı azdır, çünki sığorta sistemi yoxdur. Kənd təsərrüfatında düzgün sığorta sistemi olmalıdır", - deyə "AmCham" rəhbəri vurğulayıb.

    N.Məmmədova nazirliklərlə mütəmadi əməkdaşlığın davam etdiyini də qeyd edib: "Biz biznes təşkilatıyıq və üzvlərdən ibarətik. Əsasən üzvləri narahat edən məsələri hökumətlə müzakirə edirik. Son zamanlar aktiv dövr yaşayırıq və mütəmadi olaraq Vergilər Nazirliyi, Gömrük Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Komitəsi, Dövlət Miqrasiya Xidməti, Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Egentliyi, Turizm Nazirliyi, Milli Məclislə əməkdaşlıq davam edir və təkliflərimizi veririk. Həmçinin, hökumətin hazırladığı qanun layihələri ilə bağlı təkliflər veririk. Əmin olmaq istəyirik ki, biznesin fikirləri də həmin təkliflərdə olsun".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi