Yuxarı

​"AmCham" Azərbaycan hökuməti ilə dialoqu davam etdirir

Palata: Müxtəlif istiqamətlər üzrə müsbət irəliləyişə nail olunacaq

Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) son dövrlərdə həyata keçirilən ciddi iqtisadi islahat təşəbbüslərinin dəstəklənməsi məqsədilə ölkə hökuməti ilə dialoqunu davam etdirir. Müzakirə edilən məsələlər gündəliyinə xüsusi olaraq ölkədə sahibkarlıq fəaliyyətinin asanlaşdırılması və ölkənin investisiyalar üçün cəlbediciliyinin artırılması daxildir.

"Report"un Palataya istinadən verdiyi xəbərə görə, dialoq bir sıra istiqamətlər üzrə artıq konkret qərarların qəbul edilməsi ilə nəticələnib.

Belə qərarlardan biri cinayət tərkibi yaradan vergidən yayınma əməli üçün müəyyən olunmuş hədlərin artırılması ilə bağlı “AmCham” tərəfindən irəli sürülmüş təklifin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəstəklənməsi və Cinayət Məcəlləsinə bununla bağlı müvafiq dəyişikliyin edilməsidir. Artıq bu ilin iyunun 1-dən qüvvəyə minən dəyişikliklə xeyli miqdarda vergi ödəməkdən yayınmaya görə cinayət məsuliyyətinə cəlb edilmə həddi 2 000 manatdan 20 000 manatadək, külli miqdarda yayınmaya görə isə 50 000 manatdan 100 000 manatadək artırılıb.

"Palata bu qərarı alqışlayır və hesab edir ki, bu dəyişiklik sahibkarlıq subyektlərində etimadın gücləndirilməsinə, sosial ədalətin təmin edilməsinə və tənzimləmə yükünün və xərclərinin azaldılmasına töhfə verəcək. Əminik ki, hazırda müzakirələrin davam etdiyi bir sıra digər istiqamətlər üzrə də müsbət irəliləyişə nail olunacaq. Biz Azərbaycan iqtisadiyyatının daha da güclənməsi və rəqabət qabiliyyətliyinin artırılması istiqamətində bütün tərəfdaşlarımızla işləmək əzmindəyik”, - deyə "AmCham"ın məlumatında qeyd olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi