Almaniya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2 mlrd. dollara çatıb

Almaniya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2 mlrd. dollara çatıb Azərbaycan Almaniyanın əczaçılıq sahəsində ixtisaslaşan şirkətlərini ölkəyə dəvət edib
Biznes
2 İyun , 2016 11:36
Almaniya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2 mlrd. dollara çatıb

Bakı. 2 iyun. REPORT.AZ/ Almaniya ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsinin həcmi 2015-ci ildə 2 mlrd. dollar təşkil edib. Almaniya Azərbaycanın xarici ticarət sahəsində əməkdaşlıq etdiyi əsas ölkələr sırasındadır. 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Almaniya-Azərbaycan Ticarət Palatasının "Sənayenin təkmilləşdirilməsi üçün innovativ texnologiyalar" adlı texnologiya forumunda Azərbaycan İqtisadiyyat Nazirliyinin sənaye şöbəsinin müdiri Səməd Bəşirli bildirib. 

"Almaniya Azərbaycanın ixrac əməliyyatlarını reallaşdırdığı 2-ci, idxal əməliyyatlarını həyata keçirdiyi 4-cü ölkədir. Azərbaycan müstəqillik əldə etdikdən sonra Almaniya ilə əməkdaşlıq prioritet istiqamətlərdən biri olub. Almaniya Azərbaycanda həyata keçirilən bir çox layihələrə texniki yardım göstərir, habelə infrastruktur layihələrin maliyyələşdirilməsində iştirak edir", - deyə S.Bəşirli qeyd edib.

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin hazırda əsas istiqamət olduğunu qeyd edən S.Bəşirli qeyri-neft sektorunun inkişafı sahəsində də Almaniya ilə əlaqələrin müəyyən edildiyini bildirib. 

Şöbə müdiri Azərbaycanın Almaniyanın maşınqayırma, elektron avadanlıqları, o cümlədən əczaçılıq sahəsindəki təcrübəsini yüksək qiymətləndirib və Almaniyanın əczaçılıq sahəsində ixtisaslaşan şirkətlərini ölkəyə dəvət edib. 

"Bu sahələri birləşdirən ümumi cəhət onların inkişafında innovasiyanın tələb olunmasıdır. Bu tədbirin Almaniya ilə Azərbaycanın sənaye sahəsində əməkdaşlığına və Azərbaycanda innovativ sənayenin güclənməsinə töhfə verəcəyinə ümid edirəm", - deyə S.Bəşirli qeyd edib.

Son xəbərlər

Orphus sistemi