Aİ və EBRD-nin ekspertləri fermerlərə təlim keçib

Aİ və EBRD-nin ekspertləri fermerlərə təlim keçib Hər iki təlimdə ümumilikdə 30-a yaxın fermer iştirak edib
Biznes
28 Sentyabr , 2017 15:32
Aİ və EBRD-nin ekspertləri fermerlərə təlim keçib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycanda həyata keçirilən AZAFF layihəsi çərçivəsində fermerlərin maliyyə savadlılığına həsr olunmuş növbəti iki seminar Gəncə-Qazax iqtisadi rayonunda təşkil olunub. 

Bu barədə “Report”a Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı ofisindən məlumat verilib.

Məlumata görə, seminarlar Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin idarə edilməsi üzrə Dövlət Xidmətinin dəstəyi ilə, Tovuz və Şəmkir rayonlarında keçirilib. 

Təlimin əsas mövzuları planlaşdırmanın vacibliyi, təsərrüfat əməliyyatları üzrə qeydlərin aparılması, əmanət və kredit məhsullarının əsas göstəriciləri, maliyyə institutlarının rolu və funksiyaları, onlarla uzun müddətli və dayanıqlı əlaqələrin qurulması, fermerlər üçün alternativ maliyyələşmə imkanları, maliyyə planlaması, kənar maliyyələşməyə ehtiyacın və düzgün müddətin seçilməsi, gələcək nağd pul dövriyyəsinin və gəlirliliyin (ümumi və hər məhsul üzrə) təyin olunması olub. Hər iki təlimdə ümumilikdə 30-a yaxın yerli və ətraf rayonlardan cəlb olunmuş fermer iştirak edib.

Tovuzda keçirilən tədbiri giriş sözü ilə açan layihənin aparıcı eksperti İlqar Tağıyev, AZAFF layihəsi və komanda üzvləri haqqında fermerlərə qısa məlumat verib. Layihənin digər aparıcı eksperti Rauf Ağayev isə öz çıxışında bildirib ki, bu tip seminarlar fermerlərin maliyyə savadlılığını artıraraq istər ailə büdcəsi, istərsə də banklarla münasibətlərinin yaxşılaşdırlmasında mühüm rol oynayır. Tədbirdə fermerlərə maliyyə, ailə büdcəsi, əmanətlər və kreditlər üzrə vacib məlumatları əks etdirən xüsusi tədris vəsaiti də təqdim olunub.

Şəmkirdə təşkil olunan təlimin əsas məqsədi fermerlərə büdcənin tutulmasının və maliyyə məsələləri üzrə düzgün qərarların verilməsinin əhəmiyyəyini vurğulamaq olub. Fermerlər təlim müddətində öz mövcud problemlərini ekspertlərlə müzakirə ediblər. Onlar həmçinin qeyd ediblər ki, bu və digər mövzular üzrə biliklərin artırılması və bu tip tədbirlərin silsilə hal kimi həyata keçirilməsi çox önəmlidir.

Hər iki təlimin sonunda iştirakçılar sertifikatlarla təltif olunub. AZAFF layihəsi çərçivəsində maliyyə savadlılığının artırılmasına dair təlimlərin növbəti aylar ərzində həyata keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi