Yuxarı
    Bağlamaq

    ​Ağdam rayonunda məcburi köçkün sahibkarlara güzəştli kreditlər verilib

    Forum çərçivəsində Ağdam və ətraf rayonlardan olan 49 sahibkara 533 min manat güzəştli kredit verilib

    Bakı. 13 avqust. REPORT.AZ/ Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağdam rayonunun Quzanlı kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

    Nazirlikdən “Report”a bilidirilib ki, tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Ağdam və ətraf rayonlarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib.

    100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Ağdamda kiçik cins heyvandarlıq, tərəvəzçilik və bağçılıq təsərrüfatlarının, çörək istehsalı, meyvə və süd emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

    SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə onların sahibkarlıq fəaliyyətinə cəlb olunması və biznes fəaliyyəti ilə məşğul olmaları üçün dövlətin güzəştli kreditləri verilib. İndiyədək 1 704 məcburi köçkün sahibkara 37,5 mln. manat güzəştli kredit verilib. Məcburi köçkünlərə verilən güzəştli kreditlər hesabına 3 200-dən çox yeni iş yeri yaradılıb. Bu ilin ötən dövründə isə 187 məcburi köçkünə 4 mln. manatadək güzəştli kredit verilib və bu kreditlər hesabına 250-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

    Ümumilikdə isə 2015-ci ilin ötən dövrü ərzində ölkə üzrə 3 590-dan çox sahibkara 132,8 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 8 000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

    İşgüzar forum çərçivəsində Ağdam və ətraf rayonlarından olan 49 sahibkara 533 min manat güzəştli kredit verilib və bu kreditlər hesabına 68 yeni iş yerinin yaradılması imkanı yaranıb.

    Forum çərçivəsində dövlətin güzəştli krediti ayrılan Ağdam rayonunun Əfətli kəndində müasir heyvandarlıq kompleksinin fəaliyyətinə baxış keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi