Azərbaycan-Gürcüstan birgə müəssisəsi məhsullarını Avropa bazarlarında satacaq

Azərbaycan-Gürcüstan birgə müəssisəsi məhsullarını Avropa bazarlarında satacaq Gürcüstan ilə Avropa İttifaqı arasında idxal-ixrac əməliyyatlarının vergidən azad olunması barədə əldə olunmuş razılıq buna imkan yaradacaq
Biznes
6 Fevral , 2017 16:54
Azərbaycan-Gürcüstan birgə müəssisəsi məhsullarını Avropa bazarlarında satacaq

Tbilisi. 6 fevral. REPORT.AZ/ Gürcüstanın Rustavi şəhərində fəaliyyət göstərən "AG Microelectronics" Azərbaycan-Gürcüstan birgə müəssisəsi istehsal etdiyi məhsullarını Avropa bazarlarında satacaq.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstan ilə Avropa İttifaqı arasında idxal-ixrac əməliyyatlarının vergidən azad olunması barədə əldə olunmuş razılıq buna imkan yaradacaq.

"AG Microelectronics"in maliyyə direktoru İosif Mazmişvili “Report”un Gürcüstan bürosuna müsahibəsində deyib ki, 2013-cü ildə yaradılan müəssisədə hazırda LED lampaları, LED Televizorlar, “TV Box” və rəqəmsal texnologiyalar üçün ehtiyat hissələri, dekorativ lampalar, eləcə də köhnə lampalardan dəfələrlə qənaətcil, 100 Vt-lıq lampalar qədər işıqlandırma gücünə malik yeni 7 və 9 Vt-lıq elektrik lampaları istehsal olunur. Bu lampaların tərkibində həm də insan sağlamlığına ziyan vuran civə və digər kimyəvi maddələr yoxdur.

Müəssisədə istehsal olunan televizorlar üçün Koreya və digər ölkələrdən ekran və digər avadanlıq gətirilir. Bu televizorların qiyməti ölçüsündən və keyfiyyətindən asılı olaraq dəyişir. Hazır məhsullar əsasən Gürcüstanda, az bir hissəsi isə Azərbaycanda satılır.

Yaxın vaxtlarda müəssisədə planşetlərin, netbook və mobil telefonların istehsalına başlanılacaq. Artıq həmin məhsulların sınaq istehsalı olub. Bu məhsulların Azərbaycanda da satışı nəzərdə tutulub.

Onun sözlərinə görə, məhsullara MDB ölkələrində də maraq var. Eyni zamanda, müəssisə rəhbərliyi məhsulların Avropa bazarlarına çıxarılması istiqamətində də danışıqlar aparır.

“Gürcüstan ilə Avropa İttifaqı arasında əldə olunmuş razılığa əsasən, Gürcüstandan Avropa bazarlarına çıxarılacaq məhsullar üçün gömrük rüsumu ödənilməyəcək. Bu, bizim Avropa bazarlarına çıxışımızı xeyli asanlaşdırır. Biz artıq bu istiqamətdə danışıqlar aparırıq və düşünürəm ki, yaxın vaxtlarda məhsullarımızı Avropa bazarlarında sata biləcəyik. Bu, həm də müəssisəsinin yeni məhsullar istehsal etməsinə, fəaliyyətini genişləndirməsinə imkan yaradacaq” - İ.Mazmişvili vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi