​ABŞ-ın Azərbaycandakı səfiri İqtisadiyyat və Sənaye Nazirliyində olub

​ABŞ-ın Azərbaycandakı səfiri İqtisadiyyat və Sənaye Nazirliyində olub ABŞ-ın ticarət missiyası noyabrda Azərbaycana səfər edəcək
Biznes
2 Oktyabr , 2015 18:07
​ABŞ-ın Azərbaycandakı səfiri İqtisadiyyat və Sənaye Nazirliyində olub

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ABŞ səfiri Robert Sekuta ilə görüşüb. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüşdə nazir Ş.Mustafayev Azərbaycanla ABŞ arasında iqtisadi əlaqələrin inkişaf etdiyini, o cümlədən enerji, sənaye, İKT, təhsil və digər sahələrdə əməkdaşlığın həyata keçirildiyini bildirib.

Azərbaycan iqtisadiyyatı, dünyadakı iqtisadi böhranın ölkə iqtisadiyyatına təsirinin qarşısını almaq istiqamətində görülmüş qabaqlayıcı tədbirlər, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası barədə məlumat verən Ş.Mustafayev iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işləri qeyd edib.

Bildirilib ki, ölkədə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir, bu sahədə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq edilir. Nazir Azərbaycanın kənd təsərrüfatı, neft maşınqayırması, əczaçılıq, İKT, neft-kimyası sahələrinə investisiya qoyuluşu imkanlarını diqqətə çatdırıb. Ölkənin ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə əməkdaşlığına toxunan Ş.Mustafayev təşkilatın maliyyə dəstəyi ilə Azərbaycanda 50-dən çox layihənin həyata keçirildiyini qeyd edib.

Ş.Mustafayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini bir daha səfirin diqqətinə çatdırıb, Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən ABŞ şirkətlərinin siyahısını səfirə təqdim edərək, bunun yolverilməz olduğunu vurğulayıb, ABŞ hökuməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlərin görülməli olduğunu qeyd edib.

Səfir R.Sekuta USAID-in Azərbaycana yeni təyin olunmuş direktoru xanım Mikaela Meredisi təqdim edib, iki ölkə arasında iqtisadi əlaqələr, investisiya qoyuluşu, ABŞ şirkətlərinin Azərbaycandakı fəaliyyəti barədə danışıb. İqtisadi əməkdaşlığın perspektiv istiqamətləri barədə fikirlərini bildirən səfir ABŞ-ın ticarət missiyasının 2015-ci ilin noyabrında Azərbaycana səfər edəcəyini vurğulayıb.

Görüşdə Azərbaycan və ABŞ arasındakı mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə, qarşılıqlı maraq doğuran digər məsələlərə, eləcə də ABŞ-ın ticarət nazirinin dəvəti ilə Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin ABŞ-a səfərinə dair müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi