Bakı. 17 avqust. REPORT.AZ/ ABŞ-ın ən böyük 350 şirkətinin rəhbər şəxsləri işçiləri ilə müqayisədə 312 dəfə çox pul qazanır.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Vaşınqtonda yerləşən İqtisadi Siyasət İnstitutunun araşdırmasında bildirilir.
Araşdırmanın nəticələrinə əsasən, 2017-ci ildə şirkət rəhbərlərinin maaşları 17,6%, işçilərin məvacibləri isə cəmi 0,3% artıb. Bəzi işçilər hətta 9 ildə maaş artımı görməyiblər, çünki ABŞ-da hər saat üçün minimal maaş bir neçə ildir ki, 7,25 dollardır.
İnstitutun mütəxəssisləri bildiriblər ki, ABŞ-da şirkət rəhbərləri ilə işçilərin maaşları arasında fərq sürətlə artır.