Azərbaycan Pakistandan düyü idxalının genişləndirilməsində maraqlıdır.
"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev Pakistan Düyü İxracatçıları Assosiasiyasının Azərbaycana biznes missiyası çərçivəsində keçirilən tədbirdə bildirib.
“Azərbaycan hökuməti Pakistan düyüsünü 5 il müddətinə idxal gömrük rüsumundan azad edib. Bu qərar təxminən bir həftədən sonra qüvvəyə minəcək və Pakistandan Azərbaycana düyü ixracını genişləndirəcək, Pakistan ixracatçıları üçün yeni imkanlar açacaq. Azərbaycanda da Pakistandan düyü idxalı təşviq ediləcək. Qardaş ölkədə yüksək səviyyədə düyü istehsalı var. Bu halda düyünü niyə Pakistandan deyil, başqa ölkədən idxal etməliyik?”, - deyə o qeyd edib.
Pakistanın Azərbaycandakı səfiri Bilal Haye isə bildirib ki, Pakistandan Azərbaycana müxtəlif düyü növləri ixrac edilə bilər: "Hazırda 19 düyü ixracatçısı Bakıda səfərdədir. Onlar müxtəlif düyü növlərini təqdim edirlər. Bu geniş tərkibli nümayəndə heyətinin Azərbaycanda olması göstərir ki, biz fürsətlərə ciddi yanaşırıq və Azərbaycan hökumətinə təşəkkür edirik. Ümid edirik ki, bu fürsətlər hər iki ölkəyə faydalı olacaq, Azərbaycan xalqı daha yaxşı və keyfiyyətli Pakistan düyüsündən istifadə edə biləcək. Ötən il Pakistandan Azərbaycana ixrac olunan düyünün həcmi 2 milyon dollar olub".
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsinin dəyəri 2020-ci illə müqayisədə 11,6% azalaraq 11 milyon 729 min ABŞ dolları təşkil edib. Bu ilin yanvar-oktyabr aylarında isə iki ölkə 19 milyon 045 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.



