Yanvarda KOB inkişaf mərkəzləri 2 mindən çox sahibkara xidmət göstərib

Yanvarda KOB inkişaf mərkəzləri 2 mindən çox sahibkara xidmət göstərib Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən məlumat verilib
Biznes
22 Fevral , 2021 18:01
Yanvarda KOB inkişaf mərkəzləri 2 mindən çox sahibkara xidmət göstərib

Bu ilin yanvar ayında Azərbaycandakı kiçik və orta biznesin (KOB) inkişafı mərkəzləri (KOBİM-lər) mikro, kiçik və orta biznes subyektlərinin müraciət və ehtiyacları nəzərə alınmaqla müxtəlif mövzularda 40 təlim təşkil edib.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, maliyyə, vergi, ixrac, sığorta, satış texnologiyaları, insan resurslarının idarə olunması, françayzinq, sahibkarlıqla bağlı qanunvericilik və s. istiqamətləri əhatə edən təlimlərdən 2 mindən çox sahibkar və biznesə başlamaq istəyənlər yararlanıb.

Ötən ay həmçinin KOBİM-lərin peşəkar ekspertləri sahibkarlara müxtəlif sahələrdə biznes planların hazırlanması, xidməti müqavilələrin tərtib olunması, məhsulların xarici bazarlara çıxarılması, startap ideyasının həyata keçirilməsi, fermer təsərrüfatının qurulması və s. istiqamətlərdə məsləhət xidmətləri göstərib.

Yanvarda KOB subyektləri daha çox vergi, ixrac və aqrar sahə ilə bağlı təlim və məsləhət xidmətləri üçün KOB inkişafı mərkəzlərinə müraciət ediblər.

KOBİM-lərin xidmətlərindən istifadə etmiş sahibkarlıq subyektləri biznes layihələrinin reallaşdırılması və sahibkarlıq fəaliyyətlərinin inkişaf etdirilməsi üçün maliyyə resurslarına çıxışla bağlı məlumatlandırılıb, dövlətin güzəştli kreditləri və digər maliyyə dəstəyi mexanizmlərindən yararlanmaları üçün müvafiq qurumlarla əlaqələndirilib. Eyni zamanda, KOBİA və Dövlət Məşğulluq Agentliyi arasındakı əməkdaşlıq çərçivəsində öz təsərrüfatını qurmaq istəyən potensial sahibkarlar (mikro biznes) müvafiq texnika və avadanlıqlarla təmin olunmaları üçün özünüməşğulluq proqramı ilə əlaqələndirilib, bu istiqamətdə onlara müvafiq xidmətlər göstərilib (informasiya, məsləhət, elektron sistemdə qeydiyyat və s.).

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) hazırda Bakı, Sumqayıt, Xaçmaz, Şəki və Yevlax şəhərlərində 5 KOB inkişafı mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərin təcrübəli və peşəkar ekspertləri sahibkarlıq fəaliyyəti ilə bağlı təlim və seminarlar keçirir, məsləhət xidmətləri göstərir, KOB-ların şəbəkələşməsinə, beynəlxalq proqramlarda iştirakına, maliyyə resurslarına çıxışına və s. dəstək verir. KOBİM-lərin göstərdiyi bütün xidmətlər ödənişsizdir. Bu xidmətlərdən istifadə etmək üçün KOB subyektləri www.kobim.az saytı vasitəsilə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi