Aprelin 23-də, saat 12:00-da “Xəzər-Lada” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq şirkətin Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 16-cı km ünvanında yerləşən inzibati binasında olacaq.
Yığıncağın gündəliyinə “Xəzər-Lada”nın ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatının təsdiq edilməsi, şirkətin Təftiş Komissiyasının aktının müzakirə olunması, səhmdarlara dividend, işçilərə mükafat ödənilməsi, kənar auditorun seçilməsi məsələləri daxildir.
Xatırladaq ki, "Xəzər-Lada" şirkəti 2014-cü ildə yaradılıb, Rusiyanın "Avto-VAZ" şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğuldur. Onun nizamnamə kapitalı 445,8 min manatdır. Şirkətin səhmlərinin 30%-i Aleksandr Nikiforova, 29,8%-i Lyudmila Nazarenkoya, 19,4%-i Fəxrəddin Qasımzadəyə ("Xəzər-Lada"nın hazırkı prezidenti), 12,6%-i Naməddin Qasımzadəyə, 8,2%-i 147 fiziki şəxsə məxsusdur.