İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) təşkilatçılığı ilə “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2020” hesabatının təqdimatına dair videokonfans formatında işgüzar görüş keçirilib.
Bu barədə "Report"a Nazirlikdən məlumat verilib.
Nazir Mikayıl Cabbarov qeyd edib ki, ölkəmiz Almaniya ilə əməkdaşlığın inkişafına böyük önəm verir və AHK bu istiqamətdə fəaliyyəti təqdirəlayidir. O vurğulayıb ki, AHK-nın “KPMG Azərbaycan” ilə əməkdaşlıq çərçivəsində nəşr etdiyi hesabat pandemiyanın iqtisadiyyata təsirlərinin müəyyənləşdirilməsi və təhlil edilməsində, həmçinin mənfi təsirlərin minimuma endirilməsi istiqamətində həyata keçirilən institusional islahatların qiymətləndirilməsində faydalı platformadır.
O, ölkələrimiz arasında səmərəli investisiya əməkdaşlığı, ikitərəfli əlaqələrin genişləndirilməsi üçün böyük potensialı vurğulayıb, Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyət istiqamətləri, qarşılıqlı investisiya qoyuluşlarının artmasında önəmi diqqətə çatdırılıb.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini və torpaqlarımızın işğaldan azad edildiyini vurğulayan M.Cabbarov xarici investorları işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək layihələrdə əməkdaşlığa dəvət edib.
"AHK Azərbaycan"ın İdarə Heyətinin sədri Fərid İsayev Almaniya ilə tərəfdaşlığın inkişafı üçün "AHK Azərbaycan”ın fəaliyyətini genişləndirəcəyini diqqətə çatdırıb.
İclasda “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2020” hesabatının təqdimatı keçirilib, ekspertlərin rəyləri dinlənilib. Hesabata əsasən, xarici investorlar Azərbaycandakı siyasi və makroiqtisadi sabitliyi xüsusi vurğulayıb, respondentlərin 69 faizi ölkəmizdə aparılan vergi islahatlarını yüksək qiymətləndiriblər.
Hesabat Azərbaycanda fəaliyyət göstərən xarici biznes nümayəndələri arasında keçirilən Biznes Mühiti Sorğusunun nəticələrinə əsaslanır.
