Xaricdən avtomobil alarkən nəyə diqqət etməliyik?

Xaricdən avtomobil alarkən nəyə diqqət etməliyik? 2015-cı ildən başlayaraq ölkəmizdə köhnə avtomobil qiymətlərinin süni şəkildə bahalaşması hələ də öz tempini saxlamaqdadır
Biznes
18 Fevral , 2021 12:43
Xaricdən avtomobil alarkən nəyə diqqət etməliyik?

Müasir dövrdə insanların gündəlik tələbat vasitələrdən biri də avtomobillərdir. Odur ki, avtomobil alqı-satqısı daim cəmiyyətin müxtəlif nümayəndələrinin diqqət mərkəzində olur. Ölkədə avtomobil satışları ilə məşğul olan rəsmi dilerlər, ikinci əl avtomobillərin satıldığı bazarlar, alqı-satqı saytları ilə yanaşı xaricdən sifarişlə avtomobil gətirən şirkətlər də fəaliyyət göstərir.

Bir məlumatı nəzərə alaq ki, Avropa İttifaqı (Aİ) ölkələrində yanvar ayında yeni minik avtomobillərinin satış həcmi ötən ilin müvafiq dövrünə nisbətən 24,5 % azalaraq 726,5 min ədəd təşkil edib. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, Aİ-nin 27 üzv ölkəsindən İspaniyada yeni avtomobillərin satışı 51,5 %, Almaniyada 31,1 %, İtaliyada isə 14 % azalıb. Ən kiçik azalma (5,8 %) Fransada qeydə alınıb. Bəs proseslərin belə cərəyan etməsi Azərbaycana xaricdən avtomobil gətirilməsinə necə təsir edib?

Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov “Report”a bildirib ki, ölkəmizə köhnə avtomobillərin gətirilməsində azalma yoxdur:

“Hazırda ölkəmizdə dünyanın bütün aparıcı avtomobil markalarının rəsmi nümayəndəlikləri mövcuddur. Bir neçə il əvvəl hansısa avtomobillərin təmirində, ehtiyat hissələrinin tapılmasında problem çıxırdısa, hazırda bu problemlər demək olar ki, yoxdur.

"Bu il bizim ölkəmizə həm dilerlər, həm də fərdi şəxslər tərəfindən müxtəlif markalı avtomobillərin krossover modelləri gətiriləcək"

Eldəniz Cəfərov

Nəqliyyat məsələləri üzrə ekspert

Zaman keçdikcə vətəndaşlar daha çox qənaətcil və rahat avtomobillərə üstünlük verirlər. O cümlədən böyük şəhərlərdəki tıxacları nəzərə alaraq kiçik mühərrikli avtomobillərə daha çox üz tutulur. Avtomobil istehsalçıları da insanların istəyini nəzərə alaraq yeni krossoverlər istehsal edirlər. Bu gün krossoverlərə böyük ehtiyac var. Bu avtomobilləri şəhər əhalisi daha çox alır. 2021-ci ildə də Yaponiyanın, ABŞ-ın, Avropanın avtomobil istehsalçıları krossoverlərə böyük diqqət yetirir. Bu il bizim ölkəmizə də həm dilerlər, həm də fərdi şəxslər tərəfindən müxtəlif markalı avtomobillərin krossover modelləri gətiriləcək.

Bu gün Azərbaycana ikinci əl avtomobillərin gətirilməsində azalma yoxdur. Yük avtomobillərinin və əsasən turizm üçün nəzərdə tutulan modellərin gətirilməsində isə azalma var. Yeni model avtomobillərin ölkəyə idxalında da cüzi azalma nəzərə çarpır".

Ekspert qeyd edib ki, avtomobillərin daşınmasında problemlər yoxdur:

“Hazırda ölkəyə avtomobil idxalındakı problem avtomobillərin gömrük rüsumunun yüksək olmasıdır. Ona görə də vətəndaşlar köhnə avtomobil alırlar. Bu gün vətəndaşlarımız ekoloji təmiz avtombillərə də maraq göstərir. Avtomobil daşımasında hər hansı problem yoxdur. Hazırda Yaponiyadan, ABŞ-dan, Avropa ölkələrindən, bir sözlə dünyanın müxtəlif yerlərindən Azərbaycana avtomobillər gətirilir. Əvvəllər isə əsasən ərəb ölkələrindən avtomobil gətirilirdi. Hər hansı şirkət vasitəsilə xaricdən avtomobil sifariş verən vətəndaş aldanmamaq üçün gərək ilk olaraq həmin şirkətlə müqavilə bağlasın”.

Xaricdən avtomobillərin sifarişi və gətirilməsi ilə məşğul olan "Eurocar Azerbaijan" şirkətinin təsisçisi Seyfulla Azər xarici avtomobil ixracatçıları bəzən ikinci əl avtomobillərin yürüş göstəricilərində dəyişiklik edirlər:

“Koreya, Amerika, Almaniya, Fransa və digər ölkələrdən ikinci əl avtomobillər almaq istəyən şəxslərin bu işdə təcrübəli mütəxəssislərin dəstəyindən yararlanması daha məqsədəuyğundur. Təcrübə göstərir ki, bu kimi xarici ölkələrdə ixrac məqsədilə satışa çıxarılmış avtomobillərin əksəriyyətinin vəziyyəti o qədər də ürəkaçan olmur. Bunun əsas səbəbi həmin ölkənin avtomobil istehsalçısı olmasıdır. Məsələn, Cənubi Koreya "KİA" və "Hyundai" markalı avtomobillər istehsal edən nəhəng şirkətlərə ev sahibliyi edir. Cənubi Koreyada yaşayan insanlar üçün həmin markalarda “sıfır” yürüşlü yeni avtomobillərin qiymətləri, digər ölkələrdə yaşayan insanlar üçün olan qiymətlərlə müqayisədə böyük fərqlə ucuzdur. Cənubi Koreyada orta qazanc, ümumi yaşayış səviyyəsi, avtomobil istehsalçısı tərəfindən edilən xüsusi endirimlər, sərfəli təkliflər və başqa üstünlüklər ölkə vətəndaşlarına şərait yaradır ki, həm yeni, həm də buraxılış ili daha yeni, vəziyyəti daha yaxşı, orijinal yürüşü daha az olan avtomobilləri daha sərfəli şərtlərlə, daha sərfəli qiymətlərlə ala bilsinlər. Bu halda texniki nasaz və ya qəzalı avtomobillərin daxili bazarda tezliklə, rahat və sərfəli qiymətə satılması ehtimalı olduqca aşağı düşür. Odur ki, bu növ avtomobillərin satılmasının ən rahat, ən tez və ən sərfəli yolu ölkədən ixrac etməklə satılmasıdır. Bu vəziyyət qabaqcıl istehsalçı şirkətlərə “ev sahibliyi” edən digər ölkələrə də şamildir.

Avtomobilin istismar vəziyyətinin əsas göstəricisi onun yürüşüdür. İstər Cənubi Koreyada, istər Avropa ölkələrində və ya Amerikada avtomobilin yürüşünə müdaxilə etmək qanunvericiliyə ziddir və bu səbəbdən də ölkə daxilində bu hallarla qarşılaşılmır. Lakin ixraca göndəriləcək avtomobillərin əksəriyyətinin böyük yürüşlərinə rahatlıqla müdaxilə olunur və təcrübəyə əsaslanaraq deyə bilərik ki, 200 000 km, 250 000 km orijinal yürüşə malik avtomobillərin yürüşləri 35 000 km, 50 000 km yürüşə endirilir. Almaniya, Cənubi Koreya kimi yağışlı, qarlı ölkələrdə qarajlarda deyil, çoldə qalan avtomobillərin alt hissələri korroziyaya meyillidirlər. Bəzən ixraca köklənmiş satıcılar bu tip avtomobillərin korroziyaya uğramış detallarını rəngləməkdən də çəkinmirlər. Təcrübədə bu kimi hallarla kifayət qədər üzləşirik. Bu və hələ sadalamadığım bir çox səbəblər də var ki, xarici ölkələrdən ikinci əl avtomobil almaq istəyən həmvətənlərimizin bu işdə mütəxəssislərə müraciət etmələrinə əsas yaradır. Xarici ölkələrdə avtomobillərini başqa ölkəyə ixrac etmək üçün satışa çıxarmış satıcılardan, şirkətlərdən, dillerlərdən avtomobilin mühərrikinə, sürətlər qutusuna, yürüşünə zəmanət tələb etmək , həmçinin avtomobilin qəzalı olub-olmamasını, avtomobilin hansı detallarının dəyişilib-dəyişilməməsini, rənglənib-rənglənməməsini öyrənmək lazımdır.

"Bəzən ixraca köklənmiş satıcılar avtomobillərin korroziyaya uğramış detallarını rəngləməkdən də çəkinmirlər"

Seyfulla Azər

"Eurocar Azerbaijan" şirkətinin təsisçisi 



Xarici ölkələrdən ikinci əl avtomobil alarkən mütəxəssislərə müraciət etməyin əsas səbəblərindən biri də avtomobil almaq istəyən kəsin özünün təcrübəsizliyi, biliksizliyi, özünün və ətrafının təsəvvürlərinə əsaslanaraq hərəkət etməsidir. Bu zaman ən birinci “tələ” alıcının “ucuz və keyfiyyətli” avtomobil alacağı haqqında illuziyasıdır. Xarici saytlarda gördüyü ucuz qiymətlərdən ilhamlanan alıcı qiyməti hesablamaq eşqinə düşür və həmin saytda gördüyü avtomobilin daxili bazardakından daha ucuz qiymətə başa gələcəyini əsas götürərək həvəslə avtomobili almaq proseslərinə başlayır. Amma avtomobil almaq işində idealist deyil, realist olmaq tələb olunur. Nəzərə almaq lazımdır ki, ucuz və keyfiyyətli avtomobil olmur.Təəssüf olsun ki, daxili bazarımızda olan avtomobillərin qiymətləri o qədər də əsaslı göstərici deyil, çünki böyük sayda ticarətçilər xaricdən ixraca satılan ən ucuz avtomobilləri alırlar ki, daxili bazarda maksimum gəlir əldə etsinlər. Belə maşınların qiymətlərindən də aşağı qiymətə maşın almaq istəyi, özünü aldatmaqdır. Bu səbəblərə əsaslanaraq, alıcıların yenə də bu işin mütəxəssisləri vasitəsilə xaricdən avtomobil almasını məsləhət görürəm”.

S.Azər hansı növ avtomobillərə tələbatın olduğundan və qiymətlərdən də danışıb:

“Əgər avtomobillərə olan maraq və tələbat haqqında danışsaq, bunun avtomobillərin aid olduqları əsasən “ekonom”, “premium” və “biznes” “class”lara görə dəyişdiyini müşahidə edə bilərik. Avropa ölkələrindən fərqli olaraq Azərbaycanda həmişə “premium” və “biznes class” avtomobillərə tələbat daha çox olub. Son aylarda isə “ekonom class” avtomobillərə olan tələbat artıb. 2015-ci ildən bu günə qədər Amerikadan kütləvi şəkildə "Toyota Prius", “Honda İnsight” kimi hibrid avtomobillərin alınması tendensiyası artmaqdadır. Amerikadan “Chevrolet Cruze” və “Chevrolet Malibu” avtomobillərinin 2018-2019-cu illərdə ölkəmizdə böyük sayda alıcısı var idisə, 2020-ci ilin ikinci yarısından bu günə bu tələbat zəifləməkdədir. Almaniya və Koreya avtomobillərinin “ekonom”, “premium” və “biznes class” modelləri isə getdikcə ölkəmizdə maraq dairəsini böyütməkdədir. Almaniyadan buraxılış ili 2006-2015-ci illərin “Mercedes-Benz E-Class” modelləri “premium” və “biznes” class avtomobilləri kimi, “Opel” markasının “Astra”, “Corsa”, “Vectra” modelləri isə “ekonom” class avtomobilləri kimi ölkəmizə daha çox gətirilməkdədir.

2019-cu ildə Koreyadan bir ay ərzində Azərbaycana 120-150 avtomobil gətirilirdisə, pandemiya dövründə bu rəqəmlər nisbətən azalıb, 90-120 avtomobil təşkil edib. Koreya avtomobillərinə tələbatın artması daha çox nəzərə çarpır. Buraxılış illəri 2008-2017-ci illəri əhatə edən “KİA Pride”, “KİA Cerato K3”, “KİA Morning”, “Hyundai Accent”, “Hyundai İ30” tipli avtomobillər “ekonom” class növünə aid avtomobillər kimi, “KİA K5”, “KİA K7”, “KİA Sorento”, “KİA Sportage”, “Hyundai Avante", “Hyundai Elantra”, “Hyundai Sonata”, “Hyundai Santa Fe”, “Hyundai Tucson” kimi avtomobillər isə “premium” və “biznes” class növünə aid avtomobillər kimi ölkəmizə gətirilməkdədir.

2015-cı ildən başlayaraq ölkəmizdə köhnə avtomobil qiymətlərinin süni şəkildə bahalaşması hələ də öz tempini saxlamaqdadır. Pandemiyanın ilkin mərhələsində Almaniyada və Koreyada ixraca yönəlmiş avtomobillərin qiymətlərində nisbətən ucuzlaşma müşahidə olunurdusa, 2020-ci ilin noyabr ayından bu günə qiymətlərdə nisbətən bahalaşma nəzərə çarpır. Sözsüz ki, bu hal Azərbaycanda da öz təsirini hiss etdirir”.

Son xəbərlər

Orphus sistemi