"Bu gün Rusiyanın Xantı-Mansiysk şəhərinin piştaxtalarında Azərbaycan istehsalı olan 1 000-dən çox adda məhsul satılır".
“Report” şəhər administrasiyasının məlumatına əsasən xəbər verir ki, bu barədə şəhər dumasının (məclisinin) sədri Konstantin Pençukov Azərbaycan baş konsulu İlqar İsgəndərov ilə şəhər bələdiyyəsində keçirilən görüş zamanı bildirib.
“Xantı-Mansiyskdə tərəfdaşlarımızla birgə fəaliyyət üçün əlverişli şərait yaradılıb, müxtəlif ərzaq sərgiləri də keçirilir. Bu gün şəhərimizin piştaxtalarında Azərbaycan istehsalı olan meyvə-tərəvəz, qoz-fındıq, spirtli içkilər, çay, qəhvə kimi 1 000-dən çox adda məhsul var. Tərəfdaşlarımızdan daha geniş çeşiddə keyfiyyətli mallar gözləyirik”, – şəhər rəhbəri deyib.
Şəhər rəhbərinin müavini Teodor Mariutin də şəhərdə hər cür sahibkarlıq fəaliyyəti üçün hər cür şəraitin mövcud olduğunu söyləyib: “Ümidvarıq ki, müqavilələrin imzalanması şəhərdə sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə rəvac verər. Bizim üçün təzə ərzaq məhsulları almaq imkanı ümdə məsələdir. Həm də dəllalsız çatdırılan məhsullar daha ucuz başa gəlir”.
Görüşdə turizm məsələləri də müzakirə olunub.
Baş konsul İ.İsgəndərov Xantı-Mansiysk dairəsinin azərbaycanlılar üçün cazibədar olduğunu dilə gətirib: “Səyahətə meyl edənlər, ovçuluq, ekstrim həvəskarları Uralın şimal bölgələrinə, o cümlədən Yuqra diyarına gəlmək arzusundadır”.
AZPROMO (Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu) və Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin dəstəyi ilə Yekaterinburq şəhərində yaradılmış şərab müəssisəsinin fəaliyyətindən söhbət açan baş konsul həmin müəssisənin Rusiyada Azərbaycan şərabları və s. spirtli içkilərinin satışını təşkil edərək əlaqələndirməklə, “Made in Azerbaijan” brendini təbliğ etməklə yanaşı, yerli məhsullarının ixracın da dəstək verdiyini vurğulayıb.
Görüşün sonunda şəhər rəhbərinin müavini T.Mariutin tərəflər arasında həm ticarət, həm də xidmətlər sahəsində əməkdaşlığın genişləndirilməsinin nəzərdə tutulduğunu bildirib: “Bu gün turist yollarının da çəkilməsi məsələsi gündəmə gəlmişdi. Xantı-Mansiysk tərəfdaşlarımızın mal və təkliflərinin dairə ərazisində yayılması üçün mərkəz rolunu oynamağa hazırdır”.