Vergilər Nazirliyi elektron qaimə-fakturanın tətbiqinin büdcə daxilolmalarını artıracağını düşünür

Vergilər Nazirliyi elektron qaimə-fakturanın tətbiqinin büdcə daxilolmalarını artıracağını düşünür Ş.Ərəbovun sözlərinə görə, elektron qaimə-fakturanın tətbiqi vergi ödəyicilərinin özləri üçün müsbət əhəmiyyət daşıyır
Biznes
23 Fevral , 2017 12:10
Vergilər Nazirliyi elektron qaimə-fakturanın tətbiqinin büdcə daxilolmalarını artıracağını düşünür

Bakı. 23 fevral. REPORT.AZ/ “2013-cü ildə Vergilər Nazirliyi ƏDV ödəyiciləri üçün ilk dəfə e-fakturanın tətbiqinə başlayıb və nəticəsi müsbət olub, həmin il dövlət büdcəsinə ƏDV üzrə vergi daxilolmalarının həcmi əvvəlki illə müqayisədə 70% artıb”. “Report” xəbər verir ki, bunu “e-qaimə-faktura”nın tətbiqinin əhəmiyyətindən danışan Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Departamentinin baş direktorunun müavini Şamil Ərəbov deyib.

Ş.Ərəbovun sözlərinə görə, elektron qaimə-fakturanın tətbiqi vergi ödəyicilərinin özləri üçün müsbət əhəmiyyət daşıyır: “Artıq aprelin 1-nə az müddət qalıb, ƏDV ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün bu qaydalar cari il aprelin 1-dən tətbiq olunduğundan, onların bu yeniliyə hazırlığı ilə bağlı təşviqat işləri daha da gücləndirilib. Elektron qaimə-fakturanın tətbiqi vergi ödəyicilərinin özləri üçün müsbət əhəmiyyət daşıyır. Əsas üstünlüyü isə kargüzarlıq xərclərinin və vaxt itkisinin azaldılmasıdır. Bu baxımdan, bu yeniliyə sahibkarların məsuliyyətlə yanaşmaları tövsiyə olunur”.

Qeyd edək ki, Məcəlləyə dəyişikliklərdən sonra sahibkarlar tərəfindən müxtəlif suallar qaldırılır və ortaya çıxan aktual məsələlərin təhlili aparılır. Məsələn, regionlarda çalışan sahibkarların böyük əksəriyyəti sadələşdirilmiş vergi ödəyiciləridir. Bu ildən sadələşdirilmiş vergi bəyannamələrinin yeni formaları müəyyən edilib. Bəyannamə formaları ilə bağlı çətinlik yaranmaması üçün sahibkarlara xeyli izahedici məlumatlar verilib, praktiki baxımdan lazımi kömək göstərilib.

Ş.Ərəbovun sözlərinə görə, qanunvericiliklə bağlı vergi orqanları və biznes arasında qarşılıqlı əlaqənin genişləndirilməsi davam etdiriləcək. Sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı vergi ödəyicilərinin rəy və təklifləri həmişə öyrənilir və öyrəniləcək. Sıx və açıq dialoq, geniş müzakirələr şəraitində əldə edilən ortaq yanaşmalar qanunvericiliyin təkmilləşdirilməsinə öz mühüm təsirini göstərir, azad biznesə dəstəyin daha da yaxşılaşmasına əlverişli imkan yaradır.

Vergi qanunvericiliyinə dəyişikliklərin edilməsi ölkədə aparılan iqtisadi siyasətə uyğundur və bunun gələcəkdə də davam etdirilməsi mümkündür. Bu baxımdan, sahibkarlarla görüşlər mütəmadi xarakter daşıyacaq, onlarla müzakirələr davam etdiriləcək, fikir və təklifləri nəzərə alınacaq.

Son xəbərlər

Orphus sistemi