Vergi Apelyasiya Şurası "ABS-Əmlak"a tətbiq olunan maliyyə sanksiyasını qüvvədə saxlayıb

Vergi Apelyasiya Şurası "ABS-Əmlak"a tətbiq olunan maliyyə sanksiyasını qüvvədə saxlayıb Şirkətin apelyasiya şikayəti təmin edilməyib
Biznes
19 Sentyabr , 2015 12:00
Vergi Apelyasiya Şurası ABS-Əmlaka tətbiq olunan maliyyə sanksiyasını qüvvədə saxlayıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Vergi Apelyasiya Şurasında "ABS-Əmlak" MMC-nin Vergilər Nazirliyinə daxil olan operativ nəzarət tədbiri nəticəsində tətbiq olunan maliyyə sanksiyasının ləğv edilməsi ilə bağlı təkrar şikayətinə baxılıb.

“Report” Vergilər Nazirliyinə istinadən xəbər verir ki, cəmiyyətin direktoru Ramiz Abdulla oğlu Məmmədov nazirlik yanında Bakı Vergilər Departamentinin Operativ nəzarət İdarəsi tərəfindən keçirilən operativ vergi nəzarəti zamanı Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halının aşkar edilərək, ona 1 000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edildiyini bildirib, həmin aktdan verilən şikayətin təmin olunmaması ilə bağlı əvvəlki qərara yenidən baxılmasını xahiş edib.

Fevralın 3-də vergi uçotuna alınan, əsas fəaliyyəti daşınmaz əmlakla aparılan əməliyyatlar üzrə agentlik fəaliyyətindən ibarət olan cəmiyyətin direktoru araşdırmaya təqdim etdiyi izahatında müraciətinin səbəbi kimi cəmiyyəti dövlət qeydiyyatından yeni keçirdiyini, qanunları tam bilmədiyi üçün işçisi ilə əmək müqaviləsi bağlamadığını, maddi vəziyyətinin tətbiq edilən maliyyə sanksiyasını ödəməyə imkan vermədiyini və keçirilən operativ vergi nəzarəti tədbirindən sonra bütün işçiləri ilə əmək müqaviləsi bağladığını göstərib.

Aparılan araşdırma nəticəsində vergi ödəyicisinin fəaliyyət göstərdiyi ünvanda yerləşən obyektində mayın 15-də keçirilən operativ vergi nəzarəti zamanı Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsin iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edildiyi, lakin onunla əmək müqaviləsi bağlanmadığı aşkarlanıb.

Araşdırma zamanı vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən halların olmadığı müəyyən edilib.

Qeyd olunanları nəzərə alaraq, Vergi Apelyasiya Şurası "ABS-Əmlak" MMC-nin təkrar şikayətinin təmin edilməməsi, Bakı Vergilər Departamenti tərəfindən tərtib olunmuş "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında" aktın və həmin akt əsasında çıxarılmış "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi