Universitetlərin açılmasına sayılı günlər qalıb: kirayə bazarında qiymətlər necədir? - REPORTAJ

Universitetlərin açılmasına sayılı günlər qalıb: kirayə bazarında qiymətlər necədir? - REPORTAJ Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Tələbə valideynlərinin isə indidən hazırlığa başladığı müşahidə olunur. Artıq kirayə mənzil bazarına axın başlayıb və ofislərin qarşısında izdihamlar yaranıb. Rayonlardan üz tutan valideynlər arasında k
Biznes
31 Avqust , 2023 12:28
Universitetlərin açılmasına sayılı günlər qalıb: kirayə bazarında qiymətlər necədir? - REPORTAJ

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Tələbə valideynlərinin isə indidən hazırlıqlar gördüyü müşahidə olunur. Artıq kirayə mənzil bazarına axın başlayıb və ofislərin qarşısında izdihamlar yaranıb. Rayonlardan üz tutan valideynlər arasında kimi bir, kimi iki, kimi isə üç otaqlı evlərin axtarışına çıxıb.

"Report"un yerli bürosu Sumqayıt şəhərində kirayə mənzil bazarındakı durumla maraqlanıb.

Məlum olub ki, burada kirayə bazarında evlər bahalaşıb. Bəziləri yeni tikili, digərləri köhnə tikili binalara üstünlük versə də, həyət evlərinə olan tələbat da az deyil. Kirayə bazarında evlərin bahalaşdığını söyləyən şəxslər isə ailə büdcələrinə uyğun ev axtardıqlarını deyirlər.

Natiq Eyvazlı deyir ki, artıq iki övladı tələbədir və onlardan biri bu il birinci, digəri isə ikinci kursda təhsil alacaqlar. Onun sözlərinə görə, ötən il tələbə övladı üçün kirayələdiyi bir otaqlı ev darısqal olduğundan təhvil verib. Buna görə də yeni iki otaqlı kirayə mənzil axtarır:

"Amma qiymətlərin bu qədər qalxdığından xəbərsiz idim. Doğrusu, bahalaşma elə də yüksək olmasa da, müəyyən qədər hiss olunur. Ötən il övladım üçün bir otaqlı kirayə ev tutmuşdum. Bu il digər övladım da tələbə adını qazandığı üçün ikisi bir evdə qalacaq və buna görə də iki otaqlı ev axtarırıq".

Digər müştəri Rəxşəndə Quliyeva isə üç otaqlı həyət evi axtardığını bildirib. İndiyə qədər rayonda yaşadıqlarını söyləyən müsahibimiz deyir ki, artıq övladları ali məktəbə qəbul olduğundan Sumqayıta köçmək qərarına gəliblər. O, buna görə də 3 otaqlı həyət evinin həm geniş, həm də büdcəyə uyğun olduğunu düşünür.

Əmlak üzrə ekspert Eldar Sadıqov "Report"un yerli bürosuna açıqlamasında ümumiyyətlə mənzil alqı-satqısından danışıb. O bildirib ki, qardaş ölkədəki güclü zəlzələdən sonra insanlar artıq köhnə tikili və həyət evləri almağa üstünlük verirlər.

Ekspertin sözlərinə görə, qiymətlər isə ötən ilə nisbətən 10-15 min manat civarında qalxıb. Evlərin satış qiyməti qalxdığından kirayələrin də qiyməti artıb. Buna görə də kirayə bazarında evlər bahalaşıb.

Vasitəçilər isə universitetlərin açılmasına sayılı günlərin qalması ilə əlaqədar şəhərə tələbə axınının başladığını və buna görə də kirayə mənzillərə tələbatın artdığını söyləyiblər. Qeyd edilib ki, kirayə mənzildə əsasən yeni tikililərə üstünlük verilir və qiymətlər də otaqların sayına, eləcə də əşyalı olub-olmamasına görə dəyişir.

Onlar deyir ki, kirayə bazarında köhnə tikililərdə əşyalı mənzillər bir otaqlı 200 manata, iki otaqlı 300-350 manata, üç otaqlılar isə 400 manata təklif edilir.

Qeyd edilib ki, əşyasız isə bir otaqlı mənzillərin kirayə haqqı 150 manat, iki otaqlı mənzillərin kirayə haqqı 200-250 manat, üç otaqlı mənzillərin kirayə haqqı isə 300 manatdır:

"Yeni tikililərdə isə qiymətlər bir az fərqlidir. Yerləşmə ünvanından asılı olaraq, yeni tikililərdə əşyalı mənzillər bir otaqlı 350 manata, iki otaqlılar isə 450-500 manatdır. Həmin mənzillərin əşyasız şəkildə bir otaqlısı 300 manata, iki otaqlısı isə 350 manata təklif edilir. Həyət evlərində qiymətlər köhnə tikililərdə olduğu kimidir. Həmin evlərə daha çox ailə tərkibi geniş olan şəxslər müraciət edir".

Son xəbərlər

Orphus sistemi