Türkiyədə 25 min zəhərli ayaqqabı yoxa çıxıb

Türkiyədə 25 min zəhərli ayaqqabı yoxa çıxıb Ayaqqabılar dəyişdirilərək yerinə köhnə və cırıq halda olanları qoyulub
Biznes
25 Noyabr , 2014 19:35
Türkiyədə 25 min zəhərli ayaqqabı yoxa çıxıb

Bakı. 25 noyabr. REPORT.AZ/ Türkiyədə tərkibində xərçəng xəstəliyinə səbəb ola biləcək zəhərli maddə aşkarlanan və buna görə də məhv edilmək üçün qablaşdırılan 25 min ayaqqabı müəmmalı şəkildə yoxa çıxıb. "Report"un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Çindən gətirilən ayaqqabılarda zərərli maddələr aşkar edilib və məhv edilməsi üçün ayrılan qutuların içərisindəki ayaqqabıların dəyişdirildiyi məlum olub.

İstanbulun Ərənköy Gömrük İdarəsinin apardığı araşdırmalar zamanı 25 510 cüt ayaqqabıda zəhərli maddələrə rast gəlinib və onların idxalına qadağa qoyulub. Ayaqqabıların təyin edilən yerdə məhv edilməsi zamanı isə maraqlı məqam yaşanıb. Belə ki, ayaqqabıların dəyişdirilərək yerinə köhnə və cırıq halda olanları qoyulduğu təsbit edilib. Artıq məsələ ilə bağlı araşdırımalara başlanılıb.

Hadisə ilə bağlı açıqlama verən Türkiyənin gömrük və ticarət naziri Nurəddin Canikli bildirib ki, bu kimi halları aşkara çıxarmaq üçün ciddi tədbirlər görülür: "Ölkəyə gətirilən bütün mallar nəzarətdən keçirilir və müvafiq qərar qəbul edilir. Yaxın gələcəkdə də bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Çindən gətirilən mallar daxili bazarda satışa çıxarılır, onların sayının isə nə qədər olduğunu demək çətin məsələdir. Lakin həmin məhsulların hansı marka adı altında satıldığını bilirik, amma açıqlaya bilmərik. Çünki həmin markaların keyfiyyətli olanı da var. Ona görə də həmin firmalara xəbərdarlıq etməklə, onları çətin vəziyyətdə qoya bilərik. Onları sadəcə ucuz malları satarkən diqqətli olmağa çağıra bilərik".

Nazir əlavə edib ki, hazırda 33 min ayaqqabının məhv edilməsi ilə bağlı göstəriş verilib.

Son xəbərlər

Orphus sistemi