Tbilisidə Azərbaycan-Gürcüstan biznes-forumu keçirilib

Tbilisidə Azərbaycan-Gürcüstan biznes-forumu keçirilib Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün Tbilisidə “Caspian European Club”, “Caspian Energy Georgia” və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyilə Azərbaycan-Gürcüstan biznes-forumu və III CEO Lunch keçirilib.
Biznes
15 Dekabr , 2017 17:07
Tbilisidə Azərbaycan-Gürcüstan biznes-forumu keçirilib

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün Tbilisidə “Caspian European Club”, “Caspian Energy Georgia” və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyilə Azərbaycan-Gürcüstan biznes-forumu və III "CEO Lunch" keçirilib.

“Report” Kluba istinadən xəbər verir ki, fəxri qonaq qismində “CEO Lunch Tbilisi”də Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Kvemo-Kartli regionunun qubernatoru Qriqol Nemsadze və İmereti regionunun qubernatoru Givi Çiçinadze iştirak ediblər.

Forumda çıxış edən D.Həsənov bildirib ki, sayca üçüncü olan “CEO Lunch Tbilisi” aktual problem və məsələlərin müzakirəsi, eləcə də Azərbaycan və Gürcüstan sahibkarları arasında əlaqələrin qurulması üçün əlverişli meydandır. O həmçinin Azərbaycan hökumətinin Gürcüstanda Azərbaycan Ticarət Evi açmağı planlaşdırdığını və bütün şirkətləri forum çərçivəsində bu məsələ ilə bağlı öz rəy və təkliflərini bildirməyə səsləyib: “Bu layihənin uğurlu həyata keçirilməsininin mümkünlüyünü yalnız bizneslə partnyorluqda görürük. Səfirlik həm Azərbaycan, həm də Gürcüstanın biznes nümayəndələri ilə dialoqa həmişə açıqdır”.

Qubernator Q.Nemsadze biznes-forumun formatının biznesin inkişafında və ölkələr arasındakı iqtisadi əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını deyib.

“Azərbaycanlı biznesmenlərin ölkəmizdəki mövcud mühitlə və Kvemo-Kartli regionunun xüsusiyyətləri ilə tanış olmaq maraqlarını müsbət qarşılayırıq”, - deyə o söyləyib. Daha sonra Q.Nemsadze qonaqlara Kvemo-Kartli regionu haqqında danışıb və regionun investisiyalaşdırılması üçün vacib olan kənd təsərrüfatı, sənaye, turizm və enerji daşınması kimi sahələri qeyd edib. “Bizim administrasiya regionumuzda investisiya qoymaqda sizə hər cür kömək göstərməyə hazırdır. Mən həmçinin regionun biznes mühiti ilə yerində tanış olmaq məqsədilə bütün əlaqədar biznesmenləri Kvemo-Kartliyə dəvət etmək istəyirəm”, - deyə o, çıxışına yekun vurub.

Qubernator G.Çiçinadze də öz növbəsində forum iştirakçıları üçün İmereti regionunun inkişaf perspektivlərinin təqdimatı keçirilib. Region barədə ətraflı məlumat verən qubernator iqtisadi və investisiya imkanları, eləcə də vergi sistemi, azad iqtisadi zona, beynəlxalq əməkdaşlıq və biznesə dəstək proqramları barədə danışıb.

“Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini Telman Əliyev göstərilən fəal dəstəyə görə Gürcüstan hökumətinə, səfir D.Həsənova minnətdarlığını ifadə edib. Bu cür tədbirlərin müntəzəm şəkildə keçirildiyini və sentyabrın 29-da təşkil olunan birinci “CEO Lunch Tbilisi”də Gürcüstanın baş naziri Georgi Kvirikaşvili və hökumətin digər nümayəndələrinin iştirakının sevindirici olduğunu deyib.

T.Əliyev biznes-forumun bütün rəsmi qonaqlarını və iştirakçılarını 2018-ci il aprelin 12-də Gürcüstan və Azərbaycan hökumətlərinin dəstəyilə keçiriləcək V Beynəlxalq “Caspian Energy Forum Tbilisi”də iştirak etməyə dəvət edib. “Caspian Energy Forum Tbilisi”nin açılışında baş nazir G.Kvirikaşvili və Gürcüstan hökumətinin iqtisadi blokunu təmsil edən bütün üzvlərinin iştirakı planlaşdırılır. Forumun təşkilatçısı Gürcüstanın “Caspian Energy Georgia” şirkətidir.

Qeyd edək ki, bugünkü tədbirdə Azərbaycan və Gürcüstandan 80-ə yaxın biznesmen iştirak edib. “CEO Lunch Tbilisi”də sahibkarların üzləşdikləri problemlər müzakirə olunub, ölkənin müxtəlif regionlarında biznesin aparılması üzrə onları maraqlandıran məsələlərə toxunulub, həmçinin iqtisadiyyatın ayrı-ayrı sahələrində əməkdaşlığın genişləndirilməsi üzrə təkliflər irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi