Bakı. 11 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Şabran rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. “Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Fond iri taxılçılıq, intensiv bağçılıq, cins heyvandarlıq, arıçılıq (o cümlədən, sənaye üsulu ilə bal istehsalı), istixana və soya əkini təsərrüfatlarının, çörək istehsalı müəssisəsinin və 3 ulduzlu hotelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün sahibkarlardan təkliflərin qəbulunu məqsədəuyğun hesab edib.
Sahibkarlar bu gündən investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172) müraciət edə bilərlər.
Qeyd edək ki, aprelin 6-da SKMF rayonun Gəndov kəndində işgüzar forum keçirib.