Səfər Mehdiyev: “Bəzi ekspertlər yanlış üsullarla hesablamalar aparır"

Səfər Mehdiyev: “Bəzi ekspertlər yanlış üsullarla hesablamalar aparır" Media nümayəndələrini maraqlandıran suallar ətraflı cavablandırılıb
Biznes
101
4 Mart , 2021 16:52
Səfər Mehdiyev: “Bəzi ekspertlər yanlış üsullarla hesablamalar aparır
Səfər Mehdiyev

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin iştirakı ilə "2020-ci ilin yekunları, qarşıda duran vəzifələr" mövzusunda mətbuat konfransı olub.

“Report”un məlumatına görə, tədbirdə çıxış edən S.Mehdiyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən müharibəsindəki tarixi qələbəsindən danışıb və 2020-ci ilin Azərbaycan tarixində zəfər ili kimi yadda qalacağını diqqətə çatdırıb.

O, 2020-ci ilin əvvəlindən etibarən başlayan COVID-19 pandemiyasının yaratdığı çətin sosial-iqtisadi şəraitdə ölkə əhalisinin sağlamlığının qorunması ilə yanaşı, idxal-ixrac əməliyyatlarının davamlılığının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi qabaqlayıcı tədbirlərin uğurla icra edilməsi üçün gömrük orqanlarının bütün zəruri addımları atdığını bildirib.

Vurğulanıb ki, yük nəqliyyat vasitələrinin dezinfeksiya edilməsi üçün qısa müddət ərzində gömrük-sərhəd keçid məntəqələrində xüsusi avadanlıqlar quraşdırılıb, fiziki şəxslərin yoxlanılması məqsədilə piyada keçid xətləri termovizor və lazımi dezinfeksiya vasitələri ilə təmin edilib.

S.Mehdiyev onu da deyib ki, pandemiyanin yaratdığı mürəkkəb şəraitə baxmayaraq ölkə rəhbəri tərəfindən atılan qətiyyətli addımlar nəticəsində iqtisadiyyatdakı çətinliklər minimuma endirilib. DGK da fəaliyyətini pandemiyanın tələblərinə uyğun şəkildə quraraq idxal-ixrac əməliyyatlarının davamlılığının təmin olunması məqsədilə bütün zəruri addımları atıb və gömrük orqanları 2020-ci ili də uğurla başa vurub.

Daha sonra Komitə sədri gömrük orqanlarının 2020-ci ildəki fəaliyyəti ilə bağlı xüsusi təqdimatla media nümayəndələrinə məlumat verib. Xarici ticarətin gömrük statistikasının göstəriciləri, 2020-ci ildə idxal-ixrac əməliyyatlarının aylar üzrə dinamikasından danışan S.Mehdiyev bildirib ki, ötən il gömrük orqanları 3 milyard 830 milyon manat proqnoza qarşı 3 milyard 938 milyon 242 min manat gömrük ödənişini toplayaraq dövlət büdcəsinə köçürüb. Büdcə daxilolmaları haqqında məlumat, büdcə daxilolmalarında DGK-nın xüsusi çəkisi barədə müqayisəli təhlilləri jurnalistlərin diqqətinə çatdıran S.Mehdiyev vurğulayıb ki, dövlət başçısı tərəfindən şəffaflığın təmin olunması, kölgə iqtisadiyyatının aradan qaldırılması məqsədilə aparılan islahatlar gömrük orqanlarının bu istiqamətdə uğurlu nəticələr əldə etməsinə şərait yaradıb.

Qeyd olunub ki, ötən il ümumi idxalın 41 %-i rüsuma cəlb olunub. İdxal rüsumu üzrə azadolmaların ümumi idxalda çəkisi 59 %, ƏDV üzrə azadolmaların ümumi idxalda çəkisi 26 % təşkil edib.

Komitə sədri son dövrlərdə bəzi ekspertlərin xarici ticarət dövriyyəsinin statistik göstəriciləri əsasında yanlış üsullarla hesablamalar apardığını və nəticədə ortaya çıxan rəqəmlərin cəmiyyətdə gömrük orqanlarının fəaliyyəti haqqında həqiqətə uyğun olmayan rəyin formalaşmasına yol açdığını diqqətə çatdırıb. O, bildirib ki, gömrük orqanları fəaliyyətini qanunvericiliyin tələblərinə əsasən şəffaf şəkildə qurub və bu barədə mütəmadi olaraq cəmiyyət məlumatlandırılır.

S.Mehdiyev 2019-cu ildən etibarən tətbiqinə başlanan "Yaşıl dəhliz" buraxılış sistemindən idxalda 430, ixracda isə 235 xarici ticarət iştirakçısına istifadə hüququ verildiyini, ümumi idxalın 40 %-inin, ümumi ixracın isə 32,8 %-inin "Yaşıl dəhliz" istifadəçilərinin payına düşdüyünü bildirib.

Daha sonra media nümayəndələrini maraqlandıran suallar ətraflı cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi