Azərbaycan hökuməti hesab edir ki, ölkədə dayanıqlı iqtisadi inkişafın və iqlim əsaslı "yaşıl iqtisadiyyat"a keçidin təmin edilməsi yalnız aqressiv vergiqoyma siyasəti və yaxud bizneslərin üzərinə əlavə vergiqoyma ilə deyil, həm də bərpa olunan enerji mənbələrindən istifadə və yaxud "yaşıl texnologiyalar"dan istifadənin vergilərlə təşviqi hesabına mümkündür.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda bildirib.
"Son 5 ildəki vergi islahatlarında "yaşıl iqtisadiyyat"a keçidin dəstəklənməsi ilə bağlı bir sıra vergi təşviqlərini görə bilərik. Bu, yalnız istehlakçıların aldığı nəqliyyat vasitələrinə (elektrokarlar) və yaxud onların doldurucularına münasibətdə deyil, həm də sənayelərin bərpa olunan enerjiyə keçidi ilə bağlıdır. Biz paralel olaraq karbon vergilərinin və karbon qiymətlərinin tətbiq olunmasını, bu gün sənayelərə mənfi təsirləri nəzərə almaqla qiymətləndiririk. Bununla bağlı bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı, Asiya İnkişaf Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı, eləcə də Harvord Universiteti ilə əməkdaşlıq edirik. Bu sahədə həm təcrübələri öyrənirik, həm də mövcud təcrübələrin yaratdığı çağırışları birgə müzakirə edirik, ölkəmiz üçün düzgün vergi qoyma siyasətini müəyyən edirik", - deyə o qeyd edib.