Bakı. 23 noyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün növbəti treninqləri Sabirabad, İmişli və Cəlilabadda keçirib.
"Report" İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, treninqdə "Biznes planların və investisiya layihələrinin hazırlanması", "Biznesin əsasları, təşkili və idarə edilməsi", "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları", "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması", "Kənd təsərrüfatında logistikanın tətbiqi" mövzularında iştirakçılara məlumat verilib.
Qeyd edilib ki, treninqdə biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və zəruriliyi, bu sahədə mövcud qanunvericilik, logistika və onun növləri, biznes ideyanın yaradılması və biznes planın tərtib edilməsi, ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik, ixracın stimullaşdırılması tədbirləri və s. barədə məlumatlar sahibkarların diqqətinə çatdırılıb.
Sonda mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanan metodiki vəsaitlər paylanıb.