Maksim Oreşkin: "Rusiya ilə Azərbaycan müxtəlif sahələrdə çoxşaxəli layihələr həyata keçirməlidir" - EKSKLÜZİV

Maksim Oreşkin: "Rusiya ilə Azərbaycan müxtəlif sahələrdə çoxşaxəli layihələr həyata keçirməlidir" - EKSKLÜZİV Azərbaycanla Rusiya arasında çox səmərəli iqtisadi münasibətlər bərqərar olub, hazırda qarşıya müxtəlif sahələrdə çoxşaxəli layihələr həyata keçirmək vəzifəsi qoyulub.
Biznes
7 iyun 2019 14:13
Maksim Oreşkin: Rusiya ilə Azərbaycan müxtəlif sahələrdə çoxşaxəli layihələr həyata keçirməlidir - EKSKLÜZİV

Azərbaycanla Rusiya arasında çox səmərəli iqtisadi münasibətlər bərqərar olub, hazırda qarşıya müxtəlif sahələrdə çoxşaxəli layihələr həyata keçirmək vəzifəsi qoyulub.

Bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı “Report”un Rusiya bürosuna eksklüziv müsahibəsində Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin bildirib.

“Təqribən, ilyarım əvvəl köklü dönüş əldə olunub. Bütün əlaqələrimizi, problemlərin həlli mexanizmlərini yenidən qurduq, nəticədə ticarət dövriyyəmiz sürətlə artır. Bu müsbət meyli daim gücləndirəcəyik. Hazırda qarşıya qoyulan vəzifə müxtəlif sahələrdə çoxşaxəli layihələr həyata keçirməkdir ki, qüvvələrimizi bu istiqamətə yönəldəcəyik”, - rusiyalı nazir qeyd edib.

Belə layihələrdən biri cari ilin əvvəlində Hacıqabul Sənaye Məhəlləsində təməli qoyulan avtomobil zavodu hesab edilir.

“Həmkarım Şahin Mustafayevlə növbəti görüşüm iyunun 8-də baş tutacaq, qarşıdakı fəaliyyətimizi, planlarımızı müzakirə edəcəyik. Həmin gün Rusiya - Azərbaycan, Azərbaycan - Rusiya işgüzar şuralarının birgə iclası keçiriləcək”, - M.Oreşkin vurğulayıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar - aprel ayları ərzində iki ölkə arasındakı ticarət dövriyyəsi 839,084 milyon dollar, yəni ötən ilin müvafiq dövrünə nisbətən 22,6 faiz artıq olub. Həmin dövrdə Azərbaycanın Rusiyaya ixracı 178,45 milyon dollar (13,1 faizlik artım), bu ölkədən idxal isə 660,64 milyon dollar (25,5 faizlik artım) təşkil edib.

Qeyd edək ki, Rusiya tərəfindən QAZ markalı avtomobillərin üçüncü ölkələrə ixracı üçün bünövrə olaraq qəbul edilən Hacıqabul Sənaye Məhəlləsindəki sözügedən müəssisəyə 14 milyon manat həcmində sərmayə yatırılması nəzərdə tutulub. Həmin müəssisədə “GAZel Next”, “GAZel Business” yüngül tutumlu, “GAZon Next” orta tutumlu yük avtomobilləri yığılacaq.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi