Bakı. 9 oktyabr. REPORT.AZ/ "Rossiya 24" federal televiziya kanalında Azərbaycanın meyvə və meyvə şirələrinə dair reklam çarxlarının yayımlanmasına başlanılıb.
Bu barədə “Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, "Made in Azerbaijan" brendinin təşviqinə dair ölkə prezidentinin 5 oktyabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq, hazırlanmış bu reklam çarxları yerli məhsulların xarici ölkələrin ictimai yerlərində və beynəlxalq kütləvi informasiya vasitələrində təbliği məqsədi daşıyır. Reklam çarxlarının yayımı noyabrın 30-na qədər davam edəcək.
Reklam çarxlarının hazırlanması üçün bu ilin yay aylarında müvafiq çəkiliş qrupu Azərbaycan regionlarında yerləşən meyvə bağlarında və emal müəssisələrində çəkilişlər aparıblar.
“Reklam çarxlarının hazırlanması və ekranlaşdırılması dövlət büdcəsi hesabına maliyyələşdirilib. İlk reklam çarxlarının Azərbaycan meyvələrinə və meyvə şirələrinə dair hazırlanması təsadüfi deyil. Çünki öz rəqabətqabiliyyətliliyi və keyfiyyəti ilə seçilən bu məhsullara xarici ölkələrdə, o cümlədən Rusiyada böyük tələbat və maraq var.
Digər rəqabətqabiliyyətli Azərbaycan məhsullarına dair də reklam çarxlarının hazırlanması və xarici ölkələrin müxtəlif nüfuzlu telekanallarında yerləşdirilməsi nəzərdə tutulur”, - deyə məlumatda qeyd olunub.