"MÜSİAD Azərbaycan" Dərnək Mərkəzinə Azərbaycan Standartlaşdırma İnstitunun baş direktoru İlham Bayramovun rəhbərliyi altında gələn heyət Mərkəzin İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyəti üzvləri və digər üzvləri ilə bir araya gəliblər.
Görüş zamanı geniş fikir mübadiləsi aparılıb, təqdimatlar dinlənilib, əməkdaşlıq perspektivləri müzakirə edilib. Qeyri-qida sektorunda mövcud çatışmazlıqların aradan qaldırılması üçün təkliflər dilə gətirilib.
Qida sahəsində olduğu kimi qeyri-qida sektorunda da təkmilləşdirilmənin aparılması xüsusi əhəmiyyət kəsb edir. Qeyri-qida məhsullarının təhlükəsizliyi olduqca önəmlidir. "Xüsusilə öllkəmizə idxal olunan məhsulların standartın tələblərinə uyğunluğuna nəzarətin demək olar ki, olmamasının təhlükəsizlik baxımından təhdid olduğu qənaətindəyik. Bu isə öz növbəsində sağlam rəqabət mühitin formalaşmasına da ciddi təsir edir. Eyni zamanda istehlakçılar arasında standartlaşma ilə bağlı maarifliliyin artırılması istiqamətində bəzi addımlar atılması gərəkdiyini düşünürük", - "MÜSİAD Azərbaycan" hesab edir.
Ötən il Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” bu istiqamətdə aidiyyatı dövlət qurumlarının qarşısında duran önəmli bir məsələ olduğunu göstərir.
Azərbaycan Milli Standartlaşdırma İnstitutu ötən 2 il ərzində ciddi məsafələr qət edib. "İnanırıq ki, qısa zamanda qeyri-qida sektorunda da standartlaşmanınn təkmilləşdirilməsi baxımından müsbət dinamikaların şahidi olacağıq", - məlumatda deyilir.
"Azərbaycan Milli Standartlaşdırma İnstitutunun rəhbəri İlham Bayramova və heyətinə təşəbbüslərindən və ziyarətlərindən dolayı təşəkkür edirik. MÜSİAD olaraq bizlər də bu proseslərdə fəal iştirak etməyə, beynəlxalq təcrübəmizi paylaşmağa, əlimizdən gələn dəstəyi göstərməyə hazırıq", - deyə "MÜSİAD Azərbaycan" qeyd edir.