Qarabağdakı layihələrə IBF ölkələrindən investor cəlbi təşviq olunacaq

Qarabağdakı layihələrə IBF ölkələrindən investor cəlbi təşviq olunacaq Bakıda keçiriləcək Beynəlxalq Biznes Forumda işğaldan azad edilmiş torpaqların potensialı xarici iş adamlarının diqqətinə çatdırılacaq
Biznes
15 Oktyabr , 2021 17:05
Qarabağdakı layihələrə IBF ölkələrindən investor cəlbi təşviq olunacaq

Noyabrın 14-17-də Bakıda keçiriləcək 25-ci Beynəlxalq Biznes Forumda (İnternational Business Forum - IBF) Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının iqtisadi və investisiya potensialı xarici iş adamlarının, investorların diqqətinə çatdırılacaq, Qarabağda həyata keçirilən layihələrə IBF-ə üzv ölkələrdən investorların cəlb edilməsi təşviq olunacaq.

“Report” xəbər verir ki, bu barədə tədbir münasibəti ilə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) keçirilmiş mətbuat konfransında Agentliyin İdarə Heyətinin (İH) sədri Orxan Məmmədov məlumat verib.

Mətbuat konfrası KOBİA, eləcə də Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə həmçinin Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı, MÜSİAD-ın İdarə Heyətinin sədri Mahmut Asmalı, “MÜSİAD Azərbaycan”ın İH-nin sədri Abdurrahman Uzun IBF-in prezidenti və MÜSİAD-ın qurucu rəhbəri Erol Yarar iştirak ediblər.

Mətbuat konfrasında IBF barədə ətraflı məlumat verilib, Azərbaycan və Türkiyə media nümayəndələrinin sualları cavablandırılıb. Qeyd olunub ki, 1995-ci ildən etibarən hər il müxtəlif ölkələrdə keçirilən Forumun məqsədi ölkələr arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, davamlı əməkdaşlıq modellərinin yaradılması, investisiya sahəsində əməkdaşlıq və biznes əlaqələrinin möhkəmləndirilməsi, eləcə də post-COVİD dövründə ticarət və iqtisadi tərəfdaşlığın canlandırılması, birgə təşəbbüslərin reallaşdırılmasıdır.

2020-ci ilin noyabr ayında Türkiyənin İstanbul şəhərində keçirilmiş 24-cü IBF çərçivəsində KOBİA və Forum rəhbərliyi arasında müvafiq tədbirin Bakıda keçirilməsi barədə razılıq əldə olunub və bu məqsədlə bu il iyulun 6-da tərəflər arasında Anlaşma Memorandumu imzalanıb. Forum Azərbaycanın İqtisadiyyat Nazirliyinin və Türkiyənin icarət Nazirliyinin dəstəyi, KOBİA, MUSİAD və IBF-in təşkilatçılığı ilə keçiriləcək. Foruma üzv olan 25 ölkədən dövlət rəsmilərinin, iş adamlarının, beynəlxalq təşkilatların, diplomatik korpusun, ticarət palataları və biznes assosiasiyaların nümayəndələrinin iştirak edəcəyi forum çərçivəsində panel müzakirələr, ölkə təqdimatları, ikitərəfli görüşlər, sərgi və digər tədbirlər təşkil olunacaq. Forum çərçivəsində həmçinin, Azərbaycanın əlverişli biznes və investisiya mühitinin geniş investorlara tanıdılması, yerli və xarici investorlar arasında birbaşa əlaqələrin qurulması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi