Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri Türkiyənin PROYAPI Mühəndislik və Müşavirlik şirkətinin Qarabağdakı layihələrinə cəlb olunacaq.
“Report” xəbər verir ki, bu məsələ şirkətin İdarə Heyəti sədrinin müavini Akif Aygenlə AzMİU-nun rektoru Gülçöhrə Məmmədova ilə görüşdə müzakirə olunub.
Görüşdə Türkiyəli iş adamı Əli İnsan Gənc də iştirak edib.
G.Məmmədova qeyd edib ki, AzMİU-da mühəndislik ixtisasları üzrə təhsil alan tələbələrin işğaldan azad olunmuş ərazilərimizdə böyük miqyaslı layihələrə cəlb edilməsi onların praktik biliklərə yiyələnməsi üçün müstəsna fürsətlər yarada bilər.
AzMİU haqqında təəssüratlarının yüksək olduğunu deyən A.Aygen PROYAPI-nın fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, xüsusi ilə işğaldan azad olmuş Azərbaycan ərazilərində görülən işlər haqqında geniş məlumat verib. Qonaq qeyd edib ki, hazırda Qarabağ və Şərqi Zəngəzur ərazilərində geniş miqyaslı yol və tunel tikintiləri, su anbarlarının layihələrinin hazırlanması və bu kimi işlər həyata keçirilir.
Görüşdə birgə əməkdaşlıq məsələləri ətraflı şəkildə müzakirə olunub, potensial və perspektiv imkanlar nəzərdən keçirilib.
Görüşün sonunda AzMİU ilə PROYAPI şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumda əməkdaşlığın bir sıra istiqamətləri, o cümlədən AzMİU tələbələrinin PROYAPI şirkətində təcrübəyə cəlb olunması, universitet məzunları üçün karyera imkanları, birgə konfrans və simpoziumların təşkili, təcrübə mübadiləsi məsələləri əks olunub.