“PwC Azerbaijan” vergi sistemində diferensiallaşdırmanı məqsədəuyğun saymır

“PwC Azerbaijan” vergi sistemində diferensiallaşdırmanı məqsədəuyğun saymır Audit şirkəti bunun gömrük sistemində tətbiqinin tərəfdarıdır
Biznes
1 Dekabr , 2016 09:21
“PwC Azerbaijan” vergi sistemində diferensiallaşdırmanı məqsədəuyğun saymır

Bakı. 1 dekabr. REPORT.AZ/ “Düşünürəm ki, Vergilər Nazirliyinin əlavə dəyər vergisinin (ƏDV) diferensiallaşdırılması ilə bağlı addımları gözlənilən effekti verməyəcək”. Bunu "Report"a açıqlamasında “PwC Azerbaijan”ın vergi məsələləri üzrə direktoru Arif Quliyev deyib.

Onun sözlərinə görə, sözügedən layihə gömrük sistemində tətbiq edilsə effektiv nəticə əldə etmək olar: “Hazırkı layihəyə görə, yalnız hazır məhsula ƏDV güzəşti tətbiq ediləcək. Məsələn, dərman preparatlarını götürsən, onların hazırlanması zamanı ölkəyə gətirilən xammala, yaxud istifadə edilən elektrik enerjisinə, həmçinin istehsal zəncirini əmələ gətirən digər komponentlərə 18% ƏDV tətbiq edildiyi halda hazır dərman preparatında 8-10%-lik diferensiallaşmaya getməyin təsiri az olacaq. Çünki idxal zamanı yaxud elektrik enerjisi istehsalı, istifadəsi zamanı ödənilən əlavə faizlər məhsulun üstünə gələcək. Bu isə dərmanın ümumi qiymətində 8-10% deyil, daha az, bəlkə də 1-2% ucuzlaşma ilə özünü göstərəcək. Ona görə də, gömrükdə idxala və istehsal zəncirini əmələ gətirən digər komponentlərə də aşağı ƏDV tətbiq edilməlidir".

Xatırladaq ki, Vergilər Nazirliyi bəzi sosial sahələrdə ƏDV-nin diferensiallaşdırılması ilə bağlı Milli Məclisə qanun layihəsi göndərib. Layihəyə görə, diferensiallaşma ilkin olaraq dərman preparatları, məktəb ləvazimatları və başqa bu kimi sosial sahələrdə tətbiq ediləcək. Sənəd ilin sonuna qədər parlamentdə qəbul edilsə, gələn il yanvarın 1-dən onun icrasına başlanılacaq.

Son xəbərlər

Orphus sistemi