Portuqaliyanın müvəqqəti işlər vəkili: "Azərbaycan-Portuqaliya əmtəə dövriyyəsi 457 mln. avro təşkil edib"

Portuqaliyanın müvəqqəti işlər vəkili: "Azərbaycan-Portuqaliya əmtəə dövriyyəsi 457 mln. avro təşkil edib" Mariya Joao Lopes Kordoso: "İKT, tikinti və səhiyyə sahələri bizim üçün daha maraqlıdır"
Biznes
6 Aprel , 2017 16:25
Portuqaliyanın müvəqqəti işlər vəkili: Azərbaycan-Portuqaliya əmtəə dövriyyəsi 457 mln. avro təşkil edib

Bakı. 6 aprel. REPORT.AZ/ “Avropa enerji ehtiyatları tədarükçülərinin diversifikasiyasında maraqlıdır və Portuqaliya da bu baxımdan istisna deyil”.

“Report” xəbər verir ki, bunu Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mariya Joao Lopes Kordoso “Caspian Energy İnternational Media Group”un prezidenti və baş redaktoru Nataliya Əliyevanın rəhbərliyi ilə “Caspian Energy”nin nümayəndə heyəti ilə görüşdə bildirib.

O qeyd edib ki, Cənub Qaz Dəhlizi Avropada təbii qaz mənbələrinin diversifikasiyasına yardım edən enerji təhlükəsizliyi üçün strateji layihədir.

Onun sözlərinə görə, Portuqaliya öz qaz və elektrik enerji tranzit sistemini inkişaf etdirməyə can atır. “Həyata keçirdiyimiz layihələrdən biri “North South interconnector in Western Europe”dur (“NSI West Gas”). Portuqaliya və Piriney yarımadası təbii qazın və LNG-nin Avropaya əsas çatdırılma məntəqəsi olmaq üçün hər cür imkanlara sahibdir ki, bu yolla idxal potensialını və tədarükçülərin diversifikasiyasını genişləndirir.Cənub Qaz Dəhlizi (CQD) və irəli sürdüyümüz təşəbbüslər bu baxımdan bir-birini tamamlayır. Belə ki, bizim ümumi məqsədimiz Avropanın və ümumilikdə bütün regionun enerji təhlükəsizliyidir”, - deyə Mariya Lopes Kardoso əlavə edib. Onun sözlərinə görə, bu layihələrin əsas məqsədi istənilən enerji böhranına müqavimət göstərmək üçün biri şərqdən, digəri qərbdən olmaqla mənbələrin diversifikasiyasına və sabitliyin yüksəlməsinə yardım etməkdən ibarətdir.

İkitərəfli Azərbaycan-Portuqaliya iqtisadi əlaqələrindən danışan Mariya Joao Lopes Kordoso 2016-cı ildə iki ölkə arasında əmtəə dövriyyəsinin 457 mln. avro təşkil etdiyini (Portuqaliyanın Azərbaycana ixracı 1,8 mln. avro, idxalı 455 mln. avro) xatırladıb. Beləliklə, Azərbaycan Portuqaliya tədarükçüləri arasında 20-ci yeri tutur. “O da qeyd edilməlidir ki, Portuqaliya şirkətlərinin Azərbaycana ixracata marağının artması sayəsində Azərbaycana ixracat həyata keçirən Portuqaliya şirkətlərinin sayı 2011-ci ildən 2015-ci ilədək 39-dan 83-ə yüksəlib. Azərbaycanda bir sıra səmərəli görüşlər keçirməklə mən belə qənaətə gəldim ki, İKT, tikinti, turizm və səhiyyə sahələri Azərbaycanla Portuqaliya arasında əməkdaşlığı genişləndirmək üçün daha maraqlı və perspektivli olacaq”, - deyə regional əməkdaşlıq mövzusuna toxunan Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili söyləyib.

Son xəbərlər

Orphus sistemi