Bakı. 30 may. REPORT.AZ/ "Bankdan istehlak krediti götürüb ferma yaratmaq əvəzinə, övladlarına toy edib, cehiz alırlar. İmkanı olan da, olmayan da İPhone işlədir. Amma bu məqsədlə kredit alanda, onu necə qaytaracağını düşünmürlər. Sonda da faizlər yığılıb problem yarananda, bankları günahlandırırlar."
Bu fikirlər bu gün Parlament (Tərəfsiz) Jurnalistlər Birliyinin əhali arasında kredit mədəniyyəti və maliyyə savadlılığına dair təşkil etdiyi müzakirələrdə səslənib. “Bank istehlakçıları arasında maliyyə savadlılığına dair maarifləndirmə işinin aparılması” layihəsi çərçivəsində keçirilən tədbirdə Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı bu mövzunun çoxlarını narahat etdiyini deyib: "Kreditdən məsuliyyətsiz istifadəyə dair yayılan məlumatlar onu göstərir ki, bəzi hallarda yaranan problemlər əhalinin kifayət qədər məlumatlı olmamasından irəli gəlir. Lakin banklar arasında da fürsət güdüb həddən artıq yüksək faizlə kredit verənlər olur. Bu səbəbdən Parlament Jurnalistlər Birliyi Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə məhz bu sahədə məsələləri müzakirəyə çıxarmaq qərarına gəlib."
Tədbirdə iştirak edən bank təmsilçisi, İqtisad Universitetinin müəllimi Ramin Bayramov bildirib ki, əvvəlki illərə nisbətdə bankların məhkəmələrə müraciəti artıb: “Məhkəmələr də insanların maddi vəziyyətini nəzərə almağa çalışır. Artıq cərimələr, faizlər varsa, oların azaldılması istiqamətində qərarlar verilir. Bankların özü də verdiyi pulu geri almaqda maraqlıdır. Belə hallarda, banklar güzəştə getməyə üstünlük verirlər”.
Mütəxəssis son illərdə istehlakçılar arasında narahatlıq doğuran digər məsələ - dollarla götürülən kreditlərin taleyindən də danışıb: “Bəzən elə hallar olub ki, bir şəxs krediti manatla götürüb, amma müqavilədə dollarla yazılıb. Bu, bank sektorunda olan səhvlərdən biridir. Bank işçisi qarşısındakı insana müqavilənin şətlərini izah etməlidir. Ona görə də kredit götürən hər bir şəxs həmin müqavilənin şərtləri ilə tanış olmalıdır”.
Milli Məclis üzvü, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Azərbaycanda kredit mədəniyyətinin çox aşağı olduğunu deyib: “İnsanlar kredit götürən zaman bankla bağlanan müqavilənin mətni ilə tanış olmurlar. Oxumurlar ki, onlara verilən pul manatla, ya dollarla verilir. Elə istəyirlər ki, tez gedib pulu götürsünlər. Şəxsən mən özüm bir çox seçicilərimin xahişilə bank rəhbələrinə müraciət etmişəm. Onlar da mümkün olan hallarda güzəştə gedirlər, faizi azaldırlar, borcu dolların nisbətən aşağı kursu ilə hesablayırlar. Amma kredit borclarının silinməsindən söhbət gedə bilməz”.
V.Əhmədov qeyd edib ki, indinin özündə də Azərbaycan üçün 32 bankın olması çoxdur: “Bu sektorda sağlamlaşdırma prosesi davam edəcək. Ola bilər ki, müəyyən banklar da bağlansın”. Millət vəkili qed edib ki, çətinliklərə bxmayaraq, əsas məsələ Azərbaycanın müstəqilliyini qoruyub saxlamağa nail olmaqdır: “Azərbaycan üçün bu gün müstəqlillikdən artıq heç nə yoxdur. Biz ac da qala bilərik, bank da bağlana bilər, amma müstəqilliyimizi itirə bilmərik. Müstəqilliyi qoruyub saxlamaq, asan məsələ deyil. Azərbaycan kimi dövlətə təhdidlər çoxdur. Prezident İlham Əliyevin ən böyük cəsarəti ondadır ki, Azərbaycanın müstəqilliyini qoruyub saxlaya bilir. Bu, hər kişinin işi deyil. Hər dövlət başçısı bunu edə bilməz. Buna görə ölkə Prezidentinə təşəkkür etməliyik”.
Tədbirdə KİV rəhbərləri, universitet tələbələri, iqtisadçı ekspertlər iştirak ediblər.

