Palata rəhbəri: "Azərbaycan turizm və biznes baxımından Bolqarıstan üçün maraqlı məkandır"

Palata rəhbəri: "Azərbaycan turizm və biznes baxımından Bolqarıstan üçün maraqlı məkandır" Azərbaycan şirkətləri Bolqarıstanı Avropa İttifaqının bazarına çıxış üçün hab olaraq istifadə etmək istəyirlər
Biznes
21 Aprel , 2022 18:28
Palata rəhbəri: Azərbaycan turizm və biznes baxımından Bolqarıstan üçün maraqlı məkandır

Azərbaycan Bolqarıstan üçün nəinki turizm, həmçinin biznes üçün də maraqlı məkandır.

Bunu “Report”a Bolqarıstanın Plovdiv Sənaye və Ticarət Palatasının prezidenti Angel Hronev deyib.

"Azərbaycan bazarını demək olar ki, yeni kəşf etmişik. Bir müddət əvvəl bir neçə şirkətdən ibarət nümayəndə heyəti ilə Azərbaycana səfər etmişdik. Bu Alman-Azərbaycan Palatasının təşkil etdiyi şərabçılıq festivalı ilə bağlı idi. Bu festivalın keçirilməsindən yarım aydan çox vaxt keçib. Mənim Azərbaycana gələn Bolqarıstan şirkətləri ilə əlaqələrim davam edir”, - palata rəhbəri bildirib.

A.Hronevin sözlərinə görə, Plovdiv Sənaye və Ticarət Palatasının Azərbaycana gözlənilən ikinci səfəri üçün potensial imkanları var: “Bolqarıstanın yaradıcı sənayesi üzrə fəaliyyət göstərən şirkətlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər etməkdə maraqlıdılar. Biz bunu həyata keçirə bilərik. Bu nümayəndə heyətinin səfəri çərçivəsində tədbirlərin təşkilini Avropa İttifaqı tərəfindən dəstəklənməsi gözlənilirdi. Lakin Ukraynadakı vəziyyətə görə, bu maliyyə dəstəyi hazırda təxirə salınıb. Lakin ümid edirik ki, səfər reallaşacaq, çünki bizim şirkətlərin Azərbaycan bazarına çox böyük marağı var”.

O deyib ki, Azərbaycana gəlmək istəyənlər ənənəvi əl sənəti sektoru adlanan bir qrupdur: "Bizim suvenir istehsal edən şirkətlərimiz var və Azərbaycanda da bu çox ənənəvi sənayedir. Bu qrupa həmçinin tədbirlərin təşkili ilə məşğul olan şirkətlər də daxildir”.

A. Hronev Azərbaycanla Bolqarıstan şirkətlərinin əməkdaşlıq etdiyi sahələrdən danışıb: “Bolqarıstanın “Tomico” adlı şirkəti Azərbaycanın yerli şirkəti üçün qablaşdırma məhsulları istehsal edir. Ümid edirəm ki, bu əməkdşalıq daha da genişlənəcək. Bolqarıstan və Azərbaycan şirkətləri arasında artıq etiketləmə və qablaşdırma ilə bağlı danışıqlar gedir Həmçinin, bəzi Bolqarıstan şirkətləri Azərbaycanda distributorlar tapıblar. Azərbaycan şirkətləri isə Bolqarıstan vasitəsilə Avropa bazarına çıxmaq istəyirlər və beləlikə Bolqarıstanı Avropa İttifaqının bazarına çıxış üçün hab olaraq istifadə etmək istəyirlər”.

O deyib ki, Plovdivdə turoperatorlardan biri palataya müraciət edib: “Şirkət Azərbaycanın turizm imkanları ilə bağlı maraqlanır. Azərbaycana Bolqarıstandan turist qrupu gətirmək istəyir. Buna görə də biz bu şirkətin rəhbərini Azərbaycanın Turizm Bürosunun nümayəndəsi ilə əlaqələndirdik”.

A. Hronev əlavə edib ki, vacib məsələlərdən biri də ölkələrarasında birbaşa və sərfəli qiymətə uçuşların həyata keçirilməsidir: “Hazırda Azərbaycanla Bolqarıstan arasında birbaşa uçuşlar yoxdur və hal-hazırda səfərlər İstanbul vasitəsilə həyata keçirilir. Ümid edirəm ki, ölkələr arasında birbaşa hava əlaqəsi turizmin, biznes əlaqələrinin inkişafı üçün çox mühümdür. Ümumiyyətlə iki ölkə arasında əməkdaşlıq üçün geniş potensial mövcuddur”.

Xatırladaq ki, Azərbaycanla Bolqarsıtan arasında 2021-ci ildə ticarət dövriyyəsi 72 milyon 693 min ABŞ dolları təşkil edib. Bunun da 54 milyon 041 min ABŞ dolları ixrac, 18 milyon 652 min ABŞ dolları isə idxal təşkil edib. Bu ilin 3 ayında isə Azərbaycanla Bolqarıstan arasında ticarət dövriyyəsi 37 milyon 951 min ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi