“Prezident İlham Əliyevin təsdiq etdiyi 2030-cu il üzrə Milli Prioritetlər çərçivəsində ortamüddətli sosial-iqtisadi inkişaf strategiyasının tamamlanması üzərində işlər gedir”.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
O, bu barədə Bakıda rəhbərlik etdiyi qurumun, eləcə də Milli Məclisin və Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) birgə təşkilatçılığı ilə “Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti” mövzusunda konfransda danışıb.
“Sözügedən strategiya post-pandemiya və post-münaqişə dövründə ölkə iqtisadiyyatının, o cümlədən KOB sektorunun inkişaf istiqamətlərinin əsas konturlarını müəyyən edəcək. Əksər iqtisadiyyatlarda olduğu kimi, Azərbaycanda da mikro, kiçik və orta sahibkarlıq subyektləri ölkədə fəaliyyət göstərən bizneslərin böyük hissəsini təşkil edir. Bu baxımdan, ölkənin dayanıqlı inkişafı kiçik və orta biznesin inkişaf səviyyəsi ilə sıx bağlıdır.
Ümumilikdə, KOBİA KOB-ların innovativ fəaliyyətinin stimullaşdırılması məqsədilə bir neçə istiqamət üzrə çalışır və müvafiq dəstək tədbirlərini həyata keçirir. Bunlar təşviq, məlumatlandırma və biliklərin artırılması, eləcə də resursların təmin edilməsi işləridir. Sahibkarlıq subyektlərinin fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və rəqabət qabiliyyətinin artırılması baxımından elmi yeniliklərin biznesə inteqrasiyasında maraqlıyıq. Bu məqsədlə, 2021-ci ildən etibarən KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə start verilib. Bu dəstək tədbiri ölkəmizdə KOB-ların inkişafına müsbət təsir göstərməklə, bu sahədə yeni mexanizmlərin və innovativ layihələrin həyata keçirilməsi, sahibkarların fəaliyyətinə təsir edən faydalı model və texnoloji yeniliklərin elmi cəhətdən öyrənilməsi və tətbiqi baxımından əhəmiyyətlidir.
İnnovativ biznes və startap ekosisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində atılan addımların davamı olaraq, ötən ilin may ayından KOBİA “Startap” şəhadətnaməsinin verilməsinə başlayıb. “Startap” şəhadətnaməsi həmçinin, startapa yerli və xarici investorların marağını artırır, xarici bazarlara çıxışını asanlaşdırır. Qeyri-neft sektorunda rəqabətqabiliyyətli istehsalın, məhsul və xidmətlərin yaradılmasının stimullaşdırılması üçün daxili bazar araşdırmasının aparılmasına KOBİA dövlət dəstəyi göstərir. Bildiyiniz kimi, pandemiya kimi qeyri-müəyyən dövrlərdə biznes sahəsində bazar araşdırmalarının aparılması xüsusilə vacibdir", - deyə O.Məmmədov qeyd edib.
"Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-ni, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-ni dövlət qarşılayır. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilərlər. Pandemiyanın mövcud biznes mühitində yaratdığı dəyişikliklər sahibkarların ənənəvi formada həyata keçirdikləri fəaliyyətlərin yeni çağırışlara uyğunlaşması zərurətini yaradıb. Sahibkarların yeni iqtisadi mühitə uyğun olaraq fəaliyyətlərində müasir texnologiyalardan yetərincə istifadə etməsi üçün onların kadr potensialının gücləndirilməsi, bilik və bacarıqlarının artırılması prioritet istiqamətlərdəndir. 21 şəhər və rayonda fəaliyyət göstərən KOB inkişafı mərkəzləri vasitəsilə yeni biznesə başlamaq istəyənlərə, startaplara, sahibkarlara ödənişsiz təlimlər keçirilir, məsləhət və mentorluq xidmətləri göstərilir. KOB-lara innovativ xidmətlərin göstərilməsi də KOBİA üçün prioritetdir və hal-hazırda KOB Evlərində sahibkarlar vahid məkanda bir pəncərə prinsipi ilə G2B və B2B xidmətlərdən faydalanırlar. İnnovativ texnologiyaların və yeni biznes modellərin öyrənilməsi və daxili iş proseslərində tətbiqi üçün KOB-ların beynəlxalq təcrübə mübadiləsi proqramlarında iştirakı tərəfimizdən dəstəklənir. Proqramlar çərçivəsində KOB-ların nəzəri və praktik biliklərinin artırılması, müasir idarəetmə metod və texnoloji təcrübələri barədə yerində tanış olmaq imkanı yaradılır. Düşünürəm ki, bu cür təcrübə mübadiləsi proqramlarının türk dövlətləri arasında da fəal tətbiq edilməsi vacibdir. Müasir biznes modellərinin inkişafının dəstəklənməsi ilə bağlı KOBİA tərəfindən təmin edilən resurslar sırasında onlayn satış platforması olan “kobmarket.az” saytını və elektron təlim platformasını da qeyd etmək istərdim. Ümidvaram ki, bu gün keçirilən konfrans çərçivəsində faydalı müzakirələr aparılacaq, KOB-ların inkişafı ilə bağlı strateji fəaliyyət gündəliyimizin genişləndirilməsi üçün uğurlu nəticələr əldə olunacaq", - deyə KOBİA-nın sədri əlavə edib.