Orxan Məmmədov: “Xidmətlərimiz “non-stop-shop” rejimdə onlayn göstəriləcək”

Orxan Məmmədov: “Xidmətlərimiz “non-stop-shop” rejimdə onlayn göstəriləcək” “Azərbaycanda son illər biznesin inkişafı, əlverişli investisiya mühitinin təmin edilməsi, dövlətin biznesə dəstək mexanizmlərinin genişləndirilməsi, eləcə də bu sahədə qabaqcıl innovativ idarəetmə mexanizmlərinin tətbiq nəticəsində özəl sektor subyektlər
Biznes
15 Noyabr , 2021 12:56
Orxan Məmmədov: “Xidmətlərimiz “non-stop-shop” rejimdə onlayn göstəriləcək”
Orxan Məmmədov

“Azərbaycanda son illər biznesin inkişafı, əlverişli investisiya mühitinin təmin edilməsi, dövlətin biznesə dəstək mexanizmlərinin genişləndirilməsi, eləcə də bu sahədə qabaqcıl innovativ idarəetmə mexanizmlərinin tətbiq nəticəsində özəl sektor subyektlərinin bazası genişləndirilmiş və ölkənin beynəlxalq səviyyədə investisiya imici yüksəlib”.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum – IBF) deyib.

“Bu gün Azərbaycan xarici sərmayələr və bizneslər üçün lazımi imkanlar təqdim edir. Bu baxımdan, IBF-in ölkəmizdə və “Azərbaycan: Asiyanın incisi” şüarı altında təşkil edilməsi təsadüfü deyildir. 500-dən artıq xarici biznes təmsilçilərinin qatıldığı tədbir mövcud vəziyyət ilə yerində tanış olmaq və qarşılıqlı faydalı əlaqələr yaratmaq üçün əhəmiyyətli platformadır”, - o qeyd edib.

Sədr əlavə edib ki, qloballaşma, beynəlmilləşmə, virtual iqtisadiyyat və smart idarəetmə yanaşmaları dinamik dəyişikliklər ilə xarakterizə olunan müasir biznes mühitinin əsas elementlərindəndir: “Belə bir şəraitdə ayaqda qalmaq və rəqabət aparmaq üçün bizneslər kreativ ideyalar, həll yolları və konsepsiyalar ilə çıxış etməlidirlər. Dövrümüzdə baş verən COVİD-19 pandemiyası kimi gözlənilməz şoklar isə onsuz da kifayət qədər ciddi olan rəqabət mühitini daha da kəskinləşdirir və biznesləri yeni fürsətlər və bazarlar axtarmağa sövq edir. Əlbəttə ki, təbii müqayisəli üstünlüklər, yaradılmış müasir biznes infrastrukturu və sahibkarlara təqdim edilən imtiyaz və güzəştlər ilə yanaşı, müasir dövrümüzdə baş vermiş bir sıra mühüm hadisələr regionda iqtisadi münasibətlərin yeni keyfiyyət müstəvisinə qaldırılması baxımından əhəmiyyətli təsir imkanına malikdir. Heç şübhəsiz bunlardan ən başlıcası bir həftə əvvəl ildönümünü qeyd etdiyimiz şanlı qələbəmiz ilə Qarabağın 30 ilə yaxın müddətdə davam etmiş erməni işğalına son qoyulması və yaranmış yeni geo-siyasi mənzərədir. KOBİA, Azərbaycan dövlətinin Qarabağa dair inkişaf konsepsiyasına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə investisiya qoyuluşu və biznes layihələrinin reallaşdırılması ilə bağlı məsələləri qarşıdakı dövrdə strateji fəaliyyət gündəliyinin prioritet istiqamətlərindən birinə çevirib. Artıq Agentlik bu sahədə bir sıra addımlar da atıb. Məmnuniyyətlə qeyd etmək istərdim ki, keçən ilin noyabr ayında “MUSİAD Expo 2020” sərgisində KOBİA-nın təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır” stendi fəaliyyət göstərib. Qarabağın investisiya potensialını beynəlxalq səviyyədə KOBİA MUSİAD ilə əməkdaşlıq çərçivəsində ilk olaraq məhz qardaş Türkiyədə nümayiş etdirib. Fürsətdən istifadə edərək, mən Azərbaycanda, eləcə də Qarabağda biznes fəaliyyətini aparmaq istəyən sahibkarları Agentliyimizə müraciət etməyə dəvət edirəm. KOBİA olaraq biz bütün tələb olunan addımlarda dəstək göstərməyə, o cümlədən müvafiq qurumlarla əlaqələndirmə işlərini və etibarlı yerli tərəfdaşların müəyyən edilməsi üçün köməklik etməyə hazırıq. KOBİA mandatı çərçivəsində bizneslərə bir sıra dəstək mexanizmləri təqdim edir. Onların sırasında daxili bazar araşdırmalarına dəstək, elm, tədqiqat, dəstək və innovativ proqramlar üzrə qrantların verilməsi və digərlərini qeyd etmək olar. Ölkəmizin 2 fərqli regionunda fəaliyyət göstərən KOB Evlərimiz “one-stop shop” formatında G2B və B2B xidmətlər göstərməkdədir və rəqəmsal E-KOB evi platforması istismara verildikdən sonra bu xidmətlərin “non-stop-shop” rejimində onlayn formada göstərilməsi də təmin olunacaq. Bilik və bacarıqlara çıxışın təşviqi məqsədilə Bakıda və regionlarımızda 21 KOB İnkişaf Mərkəzi istifadəyə verilib. Bu mərkəzlərdə təlimlər, məsləhət və şəbəkələşmə üzrə xidmətlər ödənişsiz əsasda həyata keçirilir. Ümumilikdə, Azərbaycanda biznes fəaliyyətinin qurulması və genişləndirilməsi üçün dövlət-özəl sektor tərəfdaşlığı və klasterləşmə kimi təşkilati-hüquqi modellərdən geniş istifadə imkanları var. Beynəlxalq praktikada uğurla tətbiq olunan bu modellər bir sıra üstünlüklər və imtiyazları nəzərdə tutur".

O.Məmmədov vurğulayıb ki, forumun davamında keçiriləcək panel müzakirələrdə Azərbaycanın investisiya imkanları, eləcə də dövlət-özəl sektor tərəfdaşlığı mövzusunda daha ətraflı çıxış və maraqlı müzakirələr olacaq: “Ümidvaram ki, Forum çərçivəsində yeni biznes əlaqələrinin yaradılması, investisiya imkanlarının müəyyənləşdirilməsi və iqtisadi fəaliyyət gündəliyimizin genişləndirilməsi baxımından faydalı nəticələr əldə ediləcək. Əminəm ki, ölkəmizin ev sahibliyi etdiyi builki yubiley tədbir təşkilatın tarixində özünəməxsus yer tutacaq və gələcəkdə birgə təşəbbüslərin reallaşdırılması üçün uğurlu təcrübə formalaşdıracaq”.

Son xəbərlər

Orphus sistemi