Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin 4 milyon kilometrdən çox ümumi ərazisi, 160 milyon nəfərdən çox əhalisi, eyni zamanda 1,2 trilyon ABŞ dollarına yaxın ÜDM-in olmasına baxmayaraq ölkələr arasında iqtisadi əlaqələr, o cümlədən ticarət dövriyyəsinin həcmi mövcud potensialı əks etdirmir.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən 2-ci Türk Dövlətləri Aqro Biznes Forumunda deyib.
"Bizim birlikdə böyük ərazilərimiz, böyük təbii resurslarımız, çox əlverişli coğrafi mövqeyimiz var. Yəni ticarət dövriyyəsini kəskin artırmaq və təşkilat daxili iqtisadi münasibətlərin yeni formatını formalaşdırmaq üçün demək olar ki, lazım olan amillər mövcuddur. Sevindirici haldır ki, bu potensialın reallaşdırılması üçün son dönəmlər Türk Dövlətləri Təşkilatı formatında görüşlərin və tədbirlərin sayı artır", - deyə O. Məmmədov əlavə edib.