“Koronavirus (COVID-19) pandemiyasının mövcud biznes mühitində yaratdığı dəyişikliklər sahibkarların ənənəvi formada həyata keçirdikləri fəaliyyətlərin yeni çağırışlara uyğunlaşması zərurətini yaradıb".
“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən “UNEC İqtisadi Forumu”nda deyib.
“Bu baxımdan, onların bilik və bacarıqlarının artırılması, eləcə də müasir texnologiyaların tətbiqi vərdişlərinin formalaşdırılması prioritet istiqamətlərdəndir. 21 şəhər və rayonunda fəaliyyət göstərən KOB inkişaf mərkəzləri vasitəsilə yeni biznesə başlamaq istəyənlərə, startaplara, sahibkarlara ödənişsiz təlimlər keçirilir, məsləhət və mentorluq xidmətləri göstərilir. Sözügedən xidmətləri təcrübəli və peşəkar ekspertlər ödənişsiz təmin edir. 2021-ci il ərzində KOBİM-lərin xidmətlərindən 16 mindən çox subyekt faydalanıb. İnnovativ texnologiyaların və yeni biznes modellərin öyrənilməsi və daxili iş proseslərində tətbiqi üçün KOB-ların beynəlxalq təcrübə mübadiləsi proqramlarında iştirakını dəstəkləyirik.
Misal üçün deyə bilərəm ki, “Azərbaycanda biznes menecerlərinin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində KOB-ların nəzəri və praktik biliklərinin artırılması, Almaniyanın müəssisələrində istifadə edilən idarəetmə metod və texnoloji təcrübələr barədə yerində tanış olmaq imkanı yaradılır. Bu günə qədər 480 sahibkar və menecer bu proqramdan faydalanıb. Müasir biznes modellərinin inkişafının dəstəklənməsi məqsədilə KOBİA-nın təmin etdiyi rəqəmsal resurslar ilə bağlı onlayn satış platforması və video təlim platformasını xüsusilə qeyd etmək istərdim. Kobmarket.az saytı KOB-lar arasında elektron ticarətin genişləndirilməsi və satış imkanlarının artırılması üçün əhəmiyyətli resursdur. Platforma həmçinin, nağdsız ödənişlərin tətbiqi üçün geniş imkan təqdim edir. Video təlim platformasında isə qeydiyyatdan keçməklə 180 təlim videosunu izləmək mümkündür. Artıq 200-dən çox KOB subyekti və biznesə başlamaq istəyən şəxs onlayn təlimlərdən faydalanıb.
Özünüqiymətləndirmə testləri vasitəsilə qazanılmış biliklərin yoxlanılması, mövzuların peşəkar təlimçilər tərəfindən izah olunması və ödənişsiz istifadə imkanı video təlim platformasının başlıca üstünlükləridir. Rəqəmsallaşma sahəsində digər mühüm layihə kimi, e-KOB evi portalı haqqında da qısa məlumat vermək istərdim. Hazırda Xaçmaz və Yevlax olmaqla 2 regionda KOB evləri fəaliyyət göstərir. Burada müxtəlif dövlət qurumları tərəfindən 150-dən çox G2B və özəl şirkətlər 100-ə qədər B2B xidmətlərini “one-stop-shop” rejimində təqdim edir. E-KOB evi platformasının istifadəyə verilməsi ilə bütün bu xidmətlər onlayn formatda və “non-stop-shop” rejimində təmin olunacaq. Eyni zamanda, e-KOB evi portalı çoxsaylı elektron biznes xidmətlərinin və biznes naviqator sisteminin də daxil olduğu geniş, rəqəmsal biznes ekosistemi təqdim edəcək. Sonda, onu da qeyd etmək istərdim ki, ölkədə nağdsız ödənişlərin inkişafı üçün təkcə biznes subyektləri deyil, tənzimləyici və dövlət orqanlarının məsuliyyəti də var. Bugünkü tədbir nağdsız ödənişlərin genişləndirilməsi, qabaqcıl texnologiyaların maliyyə sektorunda daha aktiv tətbiqi üçün təcrübə və fikir mübadiləsinin aparılması baxımından əlverişli platformadır. Eyni zamanda, banklar və maliyyə institutları da kiçik və orta biznes subyektləri arasında rəqəmsal ödənişlərin inkişafının dəstəklənməsi üçün kifayət qədər resurslara və imkanlara malikdir. Bu baxımdan, fürsətdən istifadə edərək onları daha fəal şəkildə birgə əməkdaşlığa dəvət edirəm", - o qeyd edib.